Bir şəklin tarixçəsi - Gerçəkdə belə deyilmiş
20:25 27 Fevral 2017
Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, QHT-lər, hətta bəzi rəsmi qurumlar, rəsmi şəxslər bu şəkli “Xocalıdan olan uşaqlar” kimi yayır. Amma gerçəkdə belə deyilmiş…
Femida.az-ın təqdim etdiyi bu şəklin əslində nə vaxt, harda çəkiliyini Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş, tanınmış jurnalist Araz Qurbanov dəqiqliklə izah edib.
Şəklin çəkildiyi zaman 1993-cü il... Məkan Murov dağının ətəyi...
Beləliklə, Araz Qurbanovu eşidək:
“Doğrudur, doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşayıblar. Bununla belə, bu fotoşəkili AzərTAC-ın İlham adlı fotomüxbiri 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkmişdi.
Oraya ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Administrasiyasında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 9.00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər qaçqını torlanmış, əzizlərini arayırdılar. Bu zaman için-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kəsi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxırdı. Anasını axtarırdı.
Fotomüxbir İlhamın da gözləri dolmuşdu. Fotoaparatını götürüb bu qızcığazın şəklini çəkdi…
Sonralar bir jurnalist kimi onu çox axtardım. Nəhayət, Nazirlər Kabinetinin şöbə müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim.
Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcərin Yanşaq-Zallar kəndindədir.
Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var.
Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğma Kəlbəcərimizdə görməyi arzulayıram”.
Femida.az
Oxunub: 8584
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək