“Çıxarın qara paltarları” - Azərbaycanda 8 Mart


16:25     07 Mart 2017 1475480306_14138163_1205603586147700_4881049798017972239_o9.jpg

“Çıxarın qara paltarları”.


8 Mart bütün dünyada qadınlar günü kimi qeyd olunur. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Təsadüfi deyil ki, Azərbaycan şərqdə qadınlara seçib-seçilmək hüququnu verən ilk ölkədir.

Bəs görəsən Azərbaycan qadını indi bu bayramı necə qeyd edir?

Femida.az sualı Azərbaycanın ictimai-fəal qadınlarına ünvanlayıb.

Millət vəkili Flora Qasımova hesab edir ki, Azərbaycan qadını 8 Martı torpaqlarımız işğaldan azad olunduqdan sonra bayram edəcək:



“Öz elindən didərgin düşmüş qadınlar 8 Mart bayramını necə qeyd etsin axı? Tezliklə hamımızın problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını və köçkün qadınlarımızın öz evlərinə, dədə-baba torpaqlarına qayıtmasını diləyirəm. Azərbaycan qadını üçün əsil bayram o zaman olacaq. Qadınlarımızın üzü o zaman ürəkdən güləcək. Əgər dayanmadan şəhid xəbərləri eşidiriksə, müharibə vəziyyətində yaşayırıqsa, hansı bayramı qeyd edək?! Qarabağda oğul itirmiş Azərbaycan anasını gözüyaşlı görəndə adam nə qədər istəsə də, sevinə bilmir”.

Hüquq müdafiəçisi Mehriban Zeynalovanın fikrincə, ailə modellərindən asılı olaraq 8 Mart müxtəlif formalarda qeyd olunur:



“Azərbaycan qadını həmişə 8 Martı böyük səbirsizliklə gözləyir. Ona görə ki yalnız həmin gün daha çox diqqət mərkəzində olur. Regionları dəqiq deyə bilmərəm, amma Bakı şəhərində 8 mart günü qadınlara xüsusi diqqət göstərilir. Həmin gün ölkənin ayrı-ayrı yerlərində müxtəlif tədbirlər həyata keçirilir. Ailə modellərindən asılı olaraq qadınların 8 Martla bağlı gördüyü diqqət və qayğı da fərqlənir. Elə ailələr var ki, həmin gün qadınlara heç bir diqqət, qayğı, xoş münasibət göstərilmir. Qeyd edim ki, bu, iqtisadi imkandan asılı olan bir məsələ deyil. 8 Mart hədiyyə günü deyil. Həmin gün qadınlara adi qayğı, diqqət və sevgi nümayiş olunmalıdır. Hesab edirəm ki, qadına diqqət yalnız 8 martda yox, ilin bütün günlərində diqqət olmalıdır. Qadının ailədə və cəmiyyətdə roluna önəm verilməlidir”.

Jurnalist Aida Eyvazova bildirir ki, bu bayram münasibətilə qadına verilən hədiyyənin maddi dəyəri önəmli deyil. Əsas məsələ göstərilən diqqət və qayğıdır:



“Arzum odur ki, qadınlarımız qara paltarları, qara örtükləri çıxarsınlar. Rənglər insanın və cəmiyyətin əhvali-ruhiyyəsinə təsir edir. Azərbaycan qadını dünyada həmişə ən yaxşılar siyahısında olub. Mehriban Əliyevanın dövlətimizi ən yüksək səviyyədə təmsil etməsi Azərbaycan qadınına tarixən verilən dəyərin nümunəsidir. 8 Martı kim necə bacarır, elə də qeyd edir. Əgər bir oğul anasına bir dənə gül alıb verirsə, bunun özü təqdirəlayiq haldır. Sözsüz ki, Azərbaycan qadını üçün ən böyük hədiyyə torpaqların geri qaytarılması olar. Bundan başqa, cəmiyyətdəki sosial problemlərimizin öz həllini tapması qadınlarımızın üzünü güldürə bilər. Azərbaycan qadını tarixən ərinin yanında sipər kimi dayanmışdır. Bu gün də belə olmalıdır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4376


Oxşar xəbərlər