Rüşvət verəni hansı cəza gözləyir? - ŞƏRH


13:32     10 Mart 2017 rusvet5.jpg

Korrupsiya cinayəti sayılan rüşvət vermə cinayəti Cinayət Məcəlləsinin 312-ci maddəsində nəzərədə tutulmuşdur. Qanunda bu cinayətə aktiv rüşvətxorluq da deyilir.


Bunu Femida.az-a açıqlamasında vəkil Sadiq Əfəndiyev deyib.

Vəkil bildirb ki, rüşvət verən şəxs beş ilədək azadlıqdan məhrum edilə bilər:

“Qanunda rüşvət vermə dedikdə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunan hərəkətlər başa düşülür. Cinayət Məcəlləsinə görə rüşvət verən şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.



Sadiq Əfəndiyev vurğulayıb ki, aşağıdakı hallarda rüşvət verən cinayət məsuliyyətindən azad edilə bilər:

“Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə isə rüşvət verən şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda istinad olunan maddənin qeydinə görə rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4633