“Türklər Azərbaycana necə düşmən ola bilər axı?!” – Tarixçidən sərt AÇIQLAMA


18:03     10 Mart 2017 1456137254_kerem-mememdov-2aaaa.jpg

“Osmanlı dövləti ilə türkləri tamamilə eyniləşdirmək olmaz”


Bu sözləri Femida.az-a açıqlamasında tarixçi-alim Kərəm Hətəmoğlu deyib.

O bildirib ki, sırf Osmanlı dövlətinin apardığı siyasətə əsaslanaraq türklərin Azərbaycana düşmən olduğunu söyləmək düzgün deyil:

“Çünki Osmanlı sultanlarının demək olar ki, böyük əksəriyyəti heç özlərini türk hesab etməyib. 150 ilə yaxın Osmanlı və Səfəvi dövlətləri arasında müharibə gedib. Bunlar daha çox dövlət maraqları ilə bağlı olan savaşlar idi. Orta əsrlərdə bəzən iki qardaş arasında da taxta çıxmaq uğrunda müharibələr aparılıb. Bunu faciə şəklinə salıb təbliğ etmək də düzgün deyil axı?!”

Kərəm Hətəmoğlu vurğulayır ki, Azərbaycan adlanan ərazi tarixən türklərin məskunlaşdığı və hökmranlıq etdiyi yerlər olub:

“Kitabi Dədə Qorqud”da gözəl bir epizod var. Qazan xan əsir götürülür və ona deyirlər ki, öz soyunu, kökünü söyüb təhqir etsin. Qazan xan isə düşmənlərinə belə cavab verir: “Mənim soyum da, köküm də türkdür. Mən öz soyumu, kökümü niyə söyməliyəm ki?!” Azərbaycan xalqının türk əsilli olduğuna heç kəsin şübhəsi ola bilməz. Erkən-orta əsrlərdə xəlifə Müaviyə ibn Əbu Sufyan Ubeyt ibn Şəriyyədən bu sualı soruşur: “Allah xatirinə deyərsənmi ki, Azərbaycan deyilən yer nədir?”. Ubeyt ibn Şəriyyə isə cavabında belə deyir: “Azərbaycan türklərin qədimdən məskunlaşdığı və hökm sürdüyü bir ölkədir”. Azərbaycanlılarla türklər arasında bərabərlik işarəsi qoyulubsa, bu iki xalq bir-birinə necə düşmən ola bilər ki?!”

Qeyd edək ki, akademik Çingiz Qacar mətbuata verdiyi açıqlamada bildirib ki, keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. O, Osmanlı dövlətinin Azərbaycana vurduğu zərərlərə əsaslanaraq bu qənaətə gəldiyini deyib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2198


Oxşar xəbərlər