Azərbycanda 16 yaşlı analar artıb


21:56     06 Avqust 2015 sbrink_Devotion%20of%20a%20Too%20Young%20Mother_2556_jpg.jpg

Azərbaycanda yaşı 16-dək və 16 olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən 139 uşaq doğulduğu halda, 2014-cü ildə bu rəqəm 228-ə yüksəlib. 16 yaşlı qadınlar tərəfindən isə 2013-cü ildə 553 uşaq doğulduğu halda, 2014-cü ildə bu rəqəm 740-a çatıb. 17 yaşlı qadınlar tərəfindən 2013-cü ildə 2163, 2014-cü ildə 2328 uşaq dünyaya gətirilib.

Azərbaycanda 17 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayında artımın baş verməsinə baxmayaraq, 18 və 19 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanda 18 yaşlı qadınlar tərəfindən 6197 uşaq, 2014-cü ildə 6083 uşaq, 19 yaşlı qadınlar tərəfindən isə 2013-cü ildə 10 042, 2014-cü ildə 9888 uşaq dünyaya gətirilib.

Ümumilikdə ötən il Azərbaycanda yaşı 20-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayında da artım qeydə alınıb. 2013-cü ildə ölkədə yaşı 20-dək olan qadınlar 19 094, 2014-cü ildə isə 19 267 uşaq doğulub.

2014-cü ildə 15-19 yaşlı qadınlar tərəfindən 15 717 uşaq ailədə 1-ci, 3376 uşaq 2-ci, 167 uşaq 3-cü, 7 uşaq 4-cü uşaq kimi doğulıub. Ötən il 12 748 uşaq rəsmi qeydə alınmış nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Üsküdar Universitesinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, əvvəlki dövrlərlə müqayisədə gənclərin yetkinləşmə və ailə həyatına hazırlıq dövrü daha gec yaşlarda baş verir. Burada müasir həyat tərzi, İKT-nin inkişafı və gənclərin bunun təsiri altına düşməsi, həmçinin ənənəvi sosiallaşma institutlarının funksionallığının azalması kimi faktorlar rol oynayır. Bunun da nəticəsində çox erkən yaşlarda ana olan qadınlar övladlarının həm tərbiyəsi, həm də qulluğu sarıdan çətinliklərlə üzləşirlər.

Sosioloq bildirib ki, hövsələsizlik, məsuliyyət hissinin az olması, uşağın inkişafı ilə bağlı məlumatların kasadlığı müasir dövrdə erkən yaşda ana olan qadınlara xas xüsusiyyətlərdir. Bütün bunlar isə həm uşağın psixoloji, həm də fiziki inkişafında problemlərə səbəb olur, natamam fərdlərin cəmiyyətdə çoxalmasına gətirib çıxarır.

Ə.Süleymanlının sözlərinə görə, müxtəlif ölkələrdə aparılan tədqiqatlar göstərir ki, müasir dövrdə daha yetkin yaşda ana olan qadınlar həm uşaqlarının qulluğuna daha məsuliyyətli yanaşır, həmçinin övladlarının hərtərəfli təhsil almaları və cəmiyyətdə uğurlu şəxsiyyət kimi formalaşmasında daha düzgün tərbiyə metodlarından istifadə edirlər: “Digər bir məqam isə gənc ananın təhsili ilə bağlı problemlərdir. Çünki ailə qurduqdan sonra adətən onların təhsilləri yarımçıq qalır. Ya orta məktəbi bitirə bilmirlər, ya da orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirlər. Bu isə müəyyən dərəcədə də olsa, cəmiyyət üçün bir itki hesab olunur. Hər hansı bir qız orta və ya ali məktəbi bitirib işləməsə belə, onun gələcəyin anası kimi təhsilli olması daha çox arzulanan bir haldır”.

Açar sözlər:

Oxunub: 988