Sizi aldadan supermarketlər - Nə etməli?


00:54     17 Sentyabr 2017 iStock_000066198585_Medium.jpg

Müştəri mağazalardan alış-veriş edərkən müxtəlif problemlərlə üzləşir. Bu problemlər sırasında kassada ödəniş edən zaman qəbzdəki qiymətlərlə piştaxtadakı qiymətlərin üst-üstə düşməməsi, satıcıların müştərilərlə nəzakəti formada davranmaması, xırda pulun götürülməməsi, alınan malın geri qaytarılmaması halları çoxluq təşkil edir.

Göründüyü kimi, ölkəmizdə supermarketlərin sayının günü-gündən artmasına baxmayaraq, problemlər və müştəri narazılığı da azalmaq bilmir.

Femida.az saytına daxil olan müraciətlər içərisində də bu qəbildən olan şikayətlərin sayı durmadan artmaqdadır.

Müştəri narazılığını nəzərə alaraq, məsələnin hüquqi tərəflərini araşdırdıq.

Hüquqları pozulmuş müştəri hansı quruma müraciət etməlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, əgər müştərinin hüquqları pozularsa, o, 192-2 telefon xəttinə qoşularaq İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlaya bilər. Lakin Eyyub Hüseynov həmin qurumun fəaliyyətindən narazılığını ifadə etdi:

“Vətəndaş hüququ pozulduğu təqdirdə dövlətə müraciət etməlidir. Bu, bütün dünyada belədir. Əgər Azərbaycanda hər hansı bir müştərinin hüququ pozularsa, o, 195-2 telefon xəttinə müraciət edə bilər. Özünüz də zəng edib yoxlaya bilərsiniz. Ən yaxşı halda onların verdiyi cavab belə olur: “Məhkəməyə müraciət edə bilərsiniz”. Yaxud da Azad İstehlakçılar Birliyinin 012 441 28 33 nömrəli telefonuna müraciət edə bilərlər. Biz vətəndaşlara operativ şəkildə heç bir süründürməçilik etmədən danışıqlar yolu ilə yardım göstəririk. Bəzi mağazalar var ki, şəbəkə yaradıblar və heç bir qanuna tabe olmurlar. Məsələn, müştəri aldığı məhsulu 14 gün müddətində geri qaytara bilər. Lakin bu mağazalar alınan malı yalnız İqtisadiyyat Nazirliyindən göstəriş gəldiyi təqdirdə geri qaytarırlar. 2009-cu ildə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaranan zaman düşündük ki, istehlakçıların hüquqları daha effektiv formada qorunacaq. Həmin qurum yarandığı gündən geniş maarifləndirmə tədbirləri aparsa da, praktiki baxımdan nəzərəçarpacaq iş görülmür”.



Eyyub Hüseynovun sözlərinə görə, bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada, Ukraynada, Belarusiyada fəaliyyət göstərən marketlərdə müştəri guşəsi mövcuddur:

“Həmin guşədə istehlakçıların hüquqları pozulan zaman o, hansı quruma müraciət edə bilər, hansı hüquqlara sahibdir kimi mühüm qeydlər mövcuddur. Üstəlik, bir sıra ölkələrdə fəaliyyət göstərən marketlərdə şikayıt və təkliflər dəftərçəsi var. 5 il bundan əvvəl rəhbərlik etdiyim qurum şikayət və təkliflər dəftərini hazırladı. Həmin dəftərçədə mövcud qanunvericiliyi izah etdik, müştərilərin hüquqlarını qeyd etdik. Bunun yayılması üçün dövlət orqanlarından dəstək istədik. Təəssüf ki, İqtisadiyyat Nazirliyi bizə dəstək olmadı. Nazirlik bizə rəsmi olaraq bildirdi ki, bu cür tədbirin görülməsi məsləhət bilinmir. Bu gün Azərbaycanda yalnız bəzi supermarketlərdə şikayət və təkliflər dəftəri mövcuddur”.



Hüquqşünas Məhərrəməli Həmidov hesab edir ki, mövcud qanunvericiliyə görə, müştəri aldığı malda qüsur, yaxud da saxtalaşdırma aşkar etsə, satıcıdan, yaxud da istehsalçıdan qüsurun aradan qaldırılmasını, malın dəyişdirilməsini, əvəzinin ödənilməsini tələb edə bilər:

“Satıcı istehlakçıya normativ hüquqi sənədlərə, müqavilə şərtlərinə və həmçinin, mal, iş və xidmət haqqında istehsalçının və icraçının təqdim etdiyi məlumata uyğun olan mal ve eyni zamanda zəmanət verməlidir. Bəzi hallarda mal, iş və xidmətlərdə qüsurların yaranması məsələsi ortaya çıxır. Belə hallarda istehlakçıların hüquqları pozulmamalıdır. Belə ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli malla dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının hesabına aradan qaldırılmasını və ya qusurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanması şərti ilə əvəz edilməsini və müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2370