Tikinti sahələrinə kameralar quraşdırılacaq - Hüquqi şərh


17:30     29 Aprel 2017 piyada_kecidi_tikinti_171214_02.jpg

Azərbaycan prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən, tikinti sahələrinə kameralar quraşdırılacaq, işçilərin analitik tanınma sistemi yaradılacaq.


Vəkil Asif Abdullayev yeni fərmanın əhəmiyyətindən danışarkən qeyd edib ki, bu tikinti sahəsində əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı nəzarəti daha asan etməyə imkan yaradacaq.

“Tikinti sahələrində onlayn rejimdə işləyən kameralar quraşdırılacaq,işçilərin tanınma sistemi yaradılacaq. Bu fərmanla tikinti sahələrində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün bir sıra ciddi tədbirlər görüləcək.
Tədbirlərdən ən diqqətçəkənləri isə tikinti sahələrində tikinti şirkətlərinin öz vəsaiti hesabına onlayn rejimdə işləyən videomüşahidə kameralarının quraşdırılması, tikinti şirkətlərinin reyestrinin aparılması və işçiləri tanıyan sistemin yaradılmasıdır.




İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aşağıdakı tədbirlər görüləcək :

1. tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq.
2. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi həmin reyestrlə inteqrasiya ediləcək.
3. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Kameralar vasitəsi ilə tikinti sahəsində kimlərin işlədiyini aidiyyatı qurum real vaxt rejimində kamera vasitəsi ilə görəcək. Kameraların quraşdırılmasının icrasına nəzarəti Fövqaladə Hallar Nazirliyi həyata keçirəcək.
4. qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi aşağıdakıları həyata keçirəcək :
1. Fərmanda nəzərdə tutulmuş elektron reyestrin aparılması;
2. tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması;
3. işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi;
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi;
5. müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi;
6. aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı tədbirlər görüləcək.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2229