Deputatlara hədiyyə qadağası - Qanuna dəyişiklik


19:41     02 May 2017 milli%20meclis6.jpg

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında əvvəlcə gündəlikdən çıxarılsa da, iclasın sonunda yenidən gündəliyə daxil edilib.


Femida.az-ın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Əli Hüseynli bildirib ki, referendumdan sonra deputatlarla bağlı müddəaların Konstitusiyaya əlavə edilməsi Milli Məclisdə buna dair xüsusi qanun layihəsinin hazırlanmasını zəruri edib.

13 maddədən ibarət olan qanun layihəsində Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur. Layihəyə sonradan yeniliklər də edilib. Layihənin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”. 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1392