Gömrükdə polislə əlillər arasında qarşıdurma


13:29     03 May 2017 gomruk106.jpg

Mayın 2-də bir qrup əlil Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda asayişi pozmağa cəhd göstərib.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, belə ki, minik avtomobilləri ilə Gürcüstandan Azərbaycana kommersiya məqsədi ilə kartof gətirən bu şəxslərin idarə etdikləri nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı gömrükçülər hər bir avtomobildə 100 kiloqramdan artıq kartof yükünün olduğunu müəyyən edib və minik avtomobillərinin sahiblərinə qanunvericiliyin tələblərini xatırladaraq hər bir Azərbaycan vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kiloqram ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə biləcəyini diqqətə çatdırıblar.

Ancaq həmin avtomobillərin sürücüləri gömrükçülərin və qanunun tələblərinə məhəl qoymadan vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə gömrük keçid məntəqəsinin fəaliyyətinə mane olmağa cəhd göstərib, asayişi pozmağa çalışıblar.

Asayişi bərpa etmək məqsədilə Tovuz Gömrük İdarəsinin rəhbərliyi əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələrini dəvət edib və asayiş bərpa olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1525