“Heydər Əliyev Azərbaycan deməkdir” – Xalq artisti


16:13     10 May 2017 meleyke_esedova_esas_001.jpg

“Heydər Əliyev bütün incəsənət xadimlərinin qəlbində əbədi olaraq yaşayacaq. Heydər Əliyevin varlığı Azərbaycanı bölünməkdən, qardaş qırğınından xilas etdi. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycanın üzərinə günəş doğdu”.


Bunu Femida.az-a açıqlamasında xalq artisti, tanınmış aktrisa Məleykə Əsədova deyib.

Məleykə Əsədova bildirdi ki, sənətdə qazandığı uğurların arxasında Heydər Əliyevin qayğı və diqqəti dayanır:

“80-ci illərin sonlarında mən arzulayırdım ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlsin. Doğrudan da onun gəlişi ilə Azərbaycan xilas oldu. Bir aktrisa kimi fəaliyyətim müddətində həmişə Heydər Əliyevin adını çəkəcəyəm. Çünki mənim üçün Heydər Əliyev Azərbaycan deməkdir. Mənim həyatımda ən sevincli anlar Heydər Əliyevin teatrımıza gəlməsi, onun mənim sənətim haqqında söylədiyi xoş sözlər olub. Çox xoşbəxtəm ki, pərəstiş etdiyim dahi şəxsiyyət mənim sənətim haqqında xoş sözlər söyləyib. O, məni klassik aktrisalarımıza bərabər tuturdu. Bütün bunlar məni daha da ruhlandırdı, daha böyük obrazlar yaratmağıma şərait yaratdı”.

“Həmişə dövlət tədbirlərinin başlanğıcında Heydər Əliyevin çıxışları olardı. Biz hamımız qrim otağında onun dediyi sözlərə diqqətlə qulaq asardıq. Bu gün də onun səsi hər an qulağımda canlanır. Tədbirlərimizdə Heydər Əliyev iştirak edərdisə, bu, bizim üçün bayrama çevrilirdi. Heydər Əliyev zalda olarkən şeirləri içdən, ürəkdən söyləyirdim”, - aktrisa əlavə edib.

Aktrisa sonda vurğuladı ki, Heydər Əliyev haqqında danışılası o qədər sözlər var ki, buna saatlar, günlər, aylar kifayət etməz:

“Mən çox xoşbəxt sənətkaram ki, Heydər Əliyev imzası ilə əməkdar və xalq artisti adı almışam. Təkcə mən yox, mənim kimi milyonlarla insan onu sevir. Ona görə də hesab edirəm, Heydər Əliyev ölməyib, o, Azərbaycan xalqının qəlbində daima yaşayacaq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7566