Müstəqil alternativ ekspertizalar vacibdirmi?


00:37     14 Avqust 2015 image3%20(1).jpg

“Ölkədə məhkəmə-tibb ekspertizasının Səhiyyə Nazirliyinin strukturlarından biri olması, bir sıra hallarda həqiqətin üzə çıxarılmasına mane olur”.


Bu sözləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert-kriminalist İlqar Altay deyib. O eyni bir nazirliyin ekspertiza aparan bir strukturunun müalicə aparan digər bir strukturunu obyektiv ifşa edə bilmək imkanının ən azı adminstrativ tabeçilik baxımından çətin olduğunu bildirir.

Ekspert bu baxımdan müstəqil alternativ ekspertizaların vacibliyini hesab edir:

“Azərbaycanda alternativ, sərbəst, asılısız ekspertizanın təşkilinin vacibliyi haqq-ədalətin, demokratik prinsiplərin, insan hüquqlarının müdafiəsinin təminatı baxımından vətəndaş cəmiyyətinin kəskin ehtiyacı kimi qalmaqdadır. Bu məsələnin ədalətlə həll olunmasının 3 yolu var:

1. İlk növbədə ölkədə müxtəlif nazirliklər və idarələrin ( Ədliyyə, Səhiyyə, DİN, MTN, FHN və s.) nəzdində pərakəndə halda səpələnmiş ekspertiza strukturları ilk növbədə inzibati cəhətdən bir Komitə halında birləşdirilib Nazirlər Kabinetinin tabeliyinə verilməlidir. Bu reforma ölkədəki ekspertizanın xeyli qədər asılısız, sərbəst və sistemli fəaliyyətini təmin etməklə bərabər, istintaq-mühakimə proseslərinə dövlət nəzarəti imkanını da artırmış olardı.

2. Mübahisələrin ədalətli həllində daha demokratik variant alternativ qeyri-dövlət ekspertizalarının yaradılmasıdır. Bunun üçün isə, əsas şərt müvafiq qanunvericilik bazasının olmasıdır. Həmin hüquqi norma yaranmış alternativ müstəqil ekspertizaların fəaliyyətini tənzimləməklə bərabər həm də dövlət və qeyri-dövlət ekspertizalarının münasibətlərini tənzim edib yaranacaq ziddiyyətli, ziyanverici nəticələri qabaqlamaq üçündür.

Alternativ müstəqil ekspertizanın qanunvericilik əsasında təşkili həm də bu strukturun maddi-texniki və kadr bazasının təşkilində dövlət yardımına şərait yarada bilər. Ciddi ekspertiza strukturu isə, elmi və maddi-texniki bazanın, yüksək bilgili, təcrübəli kadrların, müasir avadanlıqlı müvafiq tədqiqat laboratoriyalarının vahid sistemi üzərində qurula bilər.

3. Daha bir variant, ekspertizaların insan hüquqları təşkilatları nəzdində ictimai əsaslarda qurulması ola bilərdi. Bu da konkret ekspertizaların keçirilib ekspert rəyi verilməsi kimi yox, zərərçəkmişlərin, xəsarətlərin, maddi sübutların, faktların və həm də dövlət ekspertlərinin verdiyi, mübahisə və narazılıq doğuran rəylərin ictimai əsaslarda ixtisaslı müşahidəsinin aparılması qismində təşkil oluna bilər. Yəni bir növ, əsl həqiqətlərin ortaya çıxarılmasında ictimai nəzarət funksiyasını təmin edə bilər”.

Açar sözlər:

Oxunub: 1247