İnternetin sürəti niyə zəifləyib? - AÇIQLAMA


14:05     22 May 2017 internet%20suret.jpg

“Ötən il biz qarşıdakı dövrdə Azərbaycan İnternetini gözləyən hansı təhlükələr və problemlərin ola biləcəyini bildirmişdik. Təəssüf ki, həmin problemlər artıq bir neçə gündür, hər bir internet istifadəçisini narahat etməyə başlayıb”.


Femida.az xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bir neçə gündür internetin sürətinin zəif olması və yerli provayderlərin Delta Telekom-a borclu olması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan internetinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib:

“Düşünürəm ki, bu, əsasən 3 səbəblə bağlıdır.

1. Çox güman ki, pisləşmə məhz əksər yerli provayderlərin əsas backbone provayder - Delta Telekom-a olan borcları ilə bağlıdır. Heç kim üçün sirr deyil ki, dövlət və özəl provayderlərin bu şirkətə 30 milyon manat borcu yaranmışdı. Delta xəbərdarlıq edirdi ki, ya internet kəsiləcək, ya məhkəməyə verəcək və. s.

Güman ki, bu borcları əldə edə bilməyən Delta-nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da təbii ki ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərməliydi. Delta-nın onlayn statistikasından görünür ki, ölkəyə daxil olan trafik dəyişməyib. Deməli, Delta, bütün borclu provayderlərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, görünür ki, borcluların trafikindən xeyli azaldıb.

2. Azərbaycan internetindəki keyfiyyətsizliyin 2-ci səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsizliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlıdır. Güman ki, təhlükəsizliklə bağlı hansısa əməliyyat-axtarış tədbirləri çərçivəsində belə bir filtrasiya aparılır. Təbii ki, süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət az və çox dərəcədə azala bilir.

3. 3-cü səbəb isə məlum köhnə problemdir. Aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi provayderlər həmişə olduğu kimi istifadəçiləri “çəkidə aldadırlar”. Yəni onlar öz istifadəçilərinin sayına uyğun olan həcmdə trafik almırlar. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Adicə mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə bunu görmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 3591


Oxşar xəbərlər