Çoxuşaqlı analara aylıq sosial müavinət verilir


17:47     31 May 2017 coxusaqli%20analar.jpg

Azərbaycanda hər bir uşağın sağlam və firavan böyüməsi, fiziki-mənəvi inkişafı və layiqli vətəndaş kimi formalaşması, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsi sahəsində fəal dövlət siyasəti həyata keçirilir.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Bu sənədlərdən irəli gələn normaları əks etdirən “Uşaq Hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar, digər zəruri normativ hüquqi aktlar qəbul olunub. Beləliklə, uşaq hüquqları sahəsində mütərəqqi beynəlxalq normalara, humanist yanaşmalara əsaslanan milli qanunvericilik bazası formalaşıb.

Cari ilin 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur. Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin 48,4%-i uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqların (3 243 nəfər) hər birinə görə aylıq sosial müavinət də ödənilir.

Azərbaycan prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanı uşaqlara dövlət qayğısının artırılmasının növbəti nümunəsi olmaqla, çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayıb. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 1 aprel tarixinə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış ümumilikdə 8 926 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət verilir.

Ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə isə aylıq əmək pensiyası ödənilir ki, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir.

Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. Cari ilin yanvar-aprel aylarında Uşaq Bərpa Mərkəzində 1000 nəfərdən çox şəxsə stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib, həmçinin hazırda 320 nəfərdən çox uşağın yaşadığı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə dayanan məsələlərdən biridir. Bu istiqamətdə işlərin davamı olaraq, nazirlik tərəfindən 2016-cı ildə 70 nəfər əlilliyi olan şəxslə bərabər, 58 nəfər sağlamlıq imkanları məhdud uşağın da (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü işlər görülür. Təkcə ötən il bu sifarişlər üzrə 37 layihə icra olunub ki, həmin layihələr 2046 nəfər ehtiyacı olan uşağı əhatə edib.

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan məqsədyönlü işlərin, bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirlərinin müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları da minimum səviyyəyə enib.

Femida.az

Açar sözlər:

Oxunub: 931


Oxşar xəbərlər