Booking.com-u boykot etmək olarmı?


15:29     12 İyun 2017 booking.com_8.jpg

Məlum olduğu kimi, Booking.com onlayn sifariş portalı uzun müddətdir Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirir.


Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə inkar edən bu addım isə beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir.

Booking.com saytının biznes etikasına zidd olan bu fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir müddət əvvəl rəsmi açıqlama vermiş və şirkətlə bağlı beynəlxalq qurumlara müraciət ediləcəyini bildirmişdi.

Amma görünür hələ sözügedən saytın rəhbərliyi Azərbaycanın haqlı etiraz və tələblərini görməzdən gəlir. Çünki bu günün özündə də Booking.com saytı işğal olunmuş rayonlarımızdakı otel və mehmanxanalardan sifarişlər qəbul etməkdədir.

Bəs, indiki məqamda çıxış yolu nədir? Görəsən, booking.com saytını Azərbaycan tərəfi boykot etsə, hansısa müsbət nəticə əldə edə bilərikmi?

Qeyd etmək yerinə düşər ki, 70 ölkədə fəaliyyət göstərən Booking.com şirkətinin biznes etikasına zidd davranışlarına görə Türkiyədəki fəaliyyəti bu ilin mart ayında məhkəmə qərarı ilə dayandırılmışdı.



İstanbul Ticarət Məhkəməsinin Booking.com saytı ilə bağlı çıxardığı qərar:



***

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, Booking.com saytının Dağlıq Qarabağda özəl marağı ola bilməz:

“Booking.com onlayn sifariş portalı mənim də tez-tez faydalandığım resurslardan biridir. Bu protal bütün dünyada məşhurdur. Çox faydalı bir internet resursu olmasına baxmayaraq, Azərbaycanın işğal altındakı torpaqlarındakı otel və mehmanxanalardan sifariş qəbul etməsi bizi çox narahat edir. Bəlkə də bu, anlaşılmazlıqdan atılmış bir addımdır. Yəni ola bilsin, sözügedən saytı idarə edənlər bundan xəbərsizdir. Hesab edirəm ki, Dağlıq Qarabağ onlar üçün böyük biznes əhəmiyyəti kəsb etmir. Heç kiçik ölkələr Booking.com portalını əhəmiyyətli dərəcədə maraqlandırmır”.



Osman Gündüz hesab edir ki, bundan sonrakı mərhələdə Mədəniyyət və Turizim Nazirliyi, eyni zamanda diaspor təşkilatları vasitəsilə Booking.com portalının rəhbərliyini real vəziyyətlə bağlı məlumatlandırmaq olar:

“Hesab edirəm ki, yüksək keyfiyyətli xidmətlər təklif edən belə bir portalı “qara siyahı”ya salmaq düzgün olmaz. Əgər edilən bütün xəbərdarlıqlara baxmayaraq Booking.com yenə də işğal altındakı torpaqlarımızdan sifariş qəbul etməyə davam edərsə, Azərbaycanın bu portalı bloklamaqdan başqa çarəsi qalmır. Bu cür hal sözsüz ki, Booking.com-un imicinə ciddi şəkildə zərər vuracaq. Belə bir mənfi ictimai rəy yaradıla bilər ki, Booking.com saytında oturuşmuş, qanuna söykənən informasiya yoxdur. Bu da bir biznes qurumu üçün xoşagələn hal deyil. Lakin nəzərə alaq ki, bloklanma bütün imkanlar tükəndikdən sonra atılmış addım olmalıdır. Bir dəfə “Twitter” ilə Türkiyə dövləti arasında bir mübahisə yaşanmışdı. Türkiyə bu sosial şəbəkəni bloklayandan sonra “Twitter” rəhbərliyi anladı ki, Türkiyə onlar üçün böyük bazardır. Bu bazarı əldən çıxarmamaq üçün Türkiyə hökuməti ilə danışığa gedildi və məsələ həll olundu”.



Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Vüqar Şıxməmmədov Femida.az-ın sorğusuna cavab olaraq bildirdi ki, Azərbaycan dövləti Booking.com saytı ilə bağlı etiraz edirsə, onun təmsil etdiyi qurum da bütün etiraz kampaniyalarına qoşulur.

Turizm üzrə ekspert Aynur Məhərrəm hesab edir ki, sözügedən internet portalının Azərbaycan tərəfindən bloklanması ölkədə turizmin inkişafına böyük zərər vura bilər:

“Bu, birbaşa olaraq dövlətin müstəsna səlahiyyətinə aid məsələdir. Buna aid dünya praktikası da mövcuddur. Məsələn Çin, İran kimi ölkələrdə feysbuk sosial şəbəkəsinə giriş qadağandır. Lakin nəzərə almaq lazımdır ki, Booking.com saytının dövlət səviyyəsində boykot edilməsi ölkədə turizmin inkişafına ciddi şəkildə maneə törədə bilər. Bir növ turizm sektorunun ayağının altın qazmaq kimi bir şeydir. Nəticə etibarilə, dövlət səviyyəsində Booking.com saytına giriş qadağasının tətbiq olunması ən çox bizim özümüzə zərər vurar”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1636


Oxşar xəbərlər