Bolqarıstanın baş prokuroru Azərbaycandadır


23:56     12 İyun 2017 bolqaristan-5.JPG

Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iyunun 12-də Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bolqarıstan nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilən nümayəndə heyətinə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolu qeyd edilib. Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyəti üçün beynəlxalq-hüquqi standartlara cavab verən normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Baş prokuror Bolqarıstan nümayəndə heyətinin üzvlərinə həm inzibati, həm də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən qabaqlayıcı tədbirlər, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumun şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından da ciddi nailiyyətlər əldə etdiyini bildirib.

S.Tsatsarov Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək iki ölkə arasında qurulmuş ikitərəfli münasibətlərin yalnız hüquq mühafizə orqanları arasında deyil, mədəni, iqtisadi və digər sahələrdə də yüksək təşəkkül tapdığını bildirib. Qeyd edilən əməkdaşlığın bariz nümunəsi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə əhəmiyyətli töhfə verib Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakını yüksək qiymətləndirən qonaq bu dəyərli təşəbbüsə görə Azərbaycan tərəfinə öz dərin minnətdarlığını ifadə edib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında sıx əməkdaşlığın müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb, dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış “Korrupsiyaya qarşı mübarizədə milli təcrübələrin öyrənilməsi” mövzusunda birgə fəaliyyət planı çərçivəsində ölkələrimizin nümayəndə heyətlərinin cari ilin may ayında baş tutan qarşılıqlı işgüzar səfərlərinin əhəmiyyəti qeyd edilib, əməkdaşlıq imkanlarının gələcək perspektivləri müzakirə edilmiş və birgə səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Nümayəndə heyətinin səfəri davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 857