Nazirlik 30 nəfəri əvvəlki işinə qaytardı


16:10     13 İyun 2017 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi0.jpg

2016-cı ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 30 nəfər öz əvvəlki işlərinə bərpa edilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tələblərinə uyğun olaraq 2016-cı il ərzində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikamızda fəaliyyət göstərən işəgötürənlərdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilməyib.

Belə ki, bu müddət ərzində vətəndaşlardan daxil olmuş 9457 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1572 ədəd müxtəlif xarakterli sorğu araşdırılaraq cavablandırılıb. Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 420 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün işəgötürənlərə göstərişlər verilib.

Bundan başqa, törədilmiş inzibati xətaya görə vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 937 min 200 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, onun da 24,8%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 929 min manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 646