Nazirlik əliləri sevindirdi - 50 nəfər istirahətə göndərilib


17:33     13 İyun 2017 eesmn-1.JPG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, qeyd olunan şəxslərin yola salınması zamanı ölkəmizdə əlilliyi olan insanların hüquqlarının təmin olunması, maddi təminatlarının artırılması sahəsində aparılan işlərdən bəhs olunub. Bu təbəqədən olan şəxslərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırıldığı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirildiyi vurğulanıb.

Bildirilib ki, əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün görülən tədbirlərdən biri də onların asudə vaxtının təşkil edilməsidir. Belə ki, hər il yaz-yay mövsümündə 1000 nəfərdən çox əlilliyi olan vətəndaşın təbiətin səfalı guşələrində istirahət etmələrinə şərait yaradılır. Cari ildə də bu işlər davam etdirilir və bu il əvvəlki illərdən fərqli olaraq daha çox şəxsin, yəni 1100 nəfərdən artıq əlilliyi olan vətəndaşın istirahətə göndərilməsi nəzərdə tutulub.

Hazırda göndərilən şəxslər də daxil olmaqla, onlardan artıq 560 nəfərinin Lənkəran, Xaçmaz, Quba rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərin istirahətinin təşkili tədbirləri mövsümün sonuna qədər davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 616