“Yaxşı qız şəkil çəkdirməz”


17:46     20 Avqust 2015 qabil4.jpg

Yüz-iki yüz il əvvəl Azərbaycanda yazılmış hekayələri, romanları, dramları və s. oxuduqda sözün həqiqi mənasında insanın qanı donur. Demək olar ki, üzü Axundovdan bu yana yazılan əsərləri oxuduqda görürük ki, azərbaycanlıların davranışlarında, dünya görüşlərində heç bir şey dəyişməyib.


Əbdülrəhim bəy Haqverdiyevin “Xortdanın Cəhənnəm Məktubları” əsərində baş qəhramanın vağzaldan çıxdığı epizodu oxuyarkən bu epizodun mənə çox tanış olduğunu anladım. Sanki, dahi yazıçı zaman maşınına minərək özünün yaşadığı dövrdən yüz il sonraya gəlib, Bakının Metro Politeninin “20 Yanvar” stansiyasının ətrafında yığışan və metrondan çıxan camaatın üzərinə şığıyan, istəyindən asılı olmayaraq zorla Sumqayıta və ya Saraya aparmaq istəyən taksi sürücülərini görüb və əsərində onları təsvir edib.

Əslində, təkcə dəyişməyən taksi sürücülərinin davranışları deyil.

Nəriman Nərimanovun “Nadanlıq” əsərinə diqqət yetirək:

- “A kişi, dünən deyirlər bir erməni dığası Ömərin üzünə qarşı olmayan sözləri deyibdir, һərgaһ o sözləri Vəlinin üzünə desəydi, Vəli onu sağmı qoyardı? İndi görəsən neçə yerdən parçalamışdı; amma Ömərinki budur ki, bir adam ilə dalaşanda ərizə yazsın, şikayət eləsin.”

- “Ay Hacı! Biz һeyvan deyilik ki, bir-birimizi öldürək, biz insanıq. Bizdən ötəri zakon yazılıbdır, şəriətimiz vardır; biz gərək һəməvaxt zakonla və şəriətlə iş görək.”

- “Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan?”
Təsəvvür edirsinizmi hələ 100 il əvvəl babalarımız öz haqqlarını hüquq yolu ilə deyil, qan tökməklə axtararlarmış. Ən pisi isə bunu özlərinə bir qəhramanlıq sayarlarmış. Şikayət etməyi özlərinə ar bilərlərmiş. Belə bir hadisənin nələrə səbəb olduğunu bu yaxınlarda gördük. Ölkədə adi sözün çəp gəlməsi üstündə gənc bir jurnalist öldü, bir gənc idmanıçının kareyerası, demək olar ki, başlamadan sonra çatdı və bir neçə gənc isə, güman ki, həbsə düşəcək. Bunu isə daha sivil yolla həll etmək olardı ancaq təssüf ki, yüz ildən artıqdır ki, azərbaycanlılar polisə şikayət ərizəsi yazaraq öz haqqını hüquqi yolla tələb etməyi özlərinə ar bilirlər.

Bu yaxınlarda Gürcüstan respublikasında yaşayan bir azərbaycanlı dindar Gürcüstan vətəndaşı olan bir azərbaycanlı jurnalistin “feysbuk” profinə təhdidedici mesajlar göndərib. Daha dəqiq desək qızı ölümlə təhdid edib. Həmin jurnalist qızdan zəhləm getməsinə baxmayaraq, qızın etdiyi hərəkəti təqdirlə qarşıladım. Qız gedib oğlandan polisə şikayət ərizəsi yazdı. İstər inanın, istər inanmayın bir qrup şəxs bunu həmin qıza irad tutdular ki, bəs “nə olsun ki, səni ölümlə təhdid edib, adamda namus olar, qeyrət olar, gedib polisə şikayət etməz”.

Axundovun həyatına aid bir yazı oxumuşdum. Yazıda Axundovun qızının fotoşəkil çəkdirmək istədiyini, ancaq Axundovun xanımı başda olmaqla bütün qohum-əqrabanın bu fikrə qarşı çıxdığından bəhs edilirdi. Bu hadisənin nə qədər doğru olduğunu bilmirəm ancaq mənə çox inandırıcı gəldi. Çünki, belə hadisələrlə indi də qarşılaşarıq. Əminəm ki, Axundovun xanımı və qohum əqrabası deyirmiş ki, bəhs “yaxçı qız foto şəkil çəkdirməz”. Düzdür, dahi yazıçı qızının gizlincə şəkilini çəkdirir lakin qızı o şəkili həmişə gizlətməli olur, ömürünün son günlərində üzə çıxır. Təsəvvür etmək belə çətindir; Sən gedib şəkil çəkdirirsən ancaq o şəkilə gizlin-gizlin baxmalı olursan, cehiz sandığının ən dibində saxlayırsan, daima onu kiminsə tapacağını və bunun üstündə səni tənbeh edəcəyi qorxusu ilə yaşayırsan.Yazıda qeyd edildiyinə görə, ömrünün son günlərinə qədər o şəkili qorxusundan heç kimə göstərməyib. “Foto şəklin müsəlman qadınına yaraşmaması” mövzu ilə əlaqədar “Molla Nəsrəddin” jurnalında da bir yazı verilib.

Düzdür, artıq belə bir problem qalmayıb. Qızlar, qadınlar istədikləri qədər şəkil çəkdirə bilirlər. Ancaq bir az diqqətlə baxsaq görərik ki, yeni çıxan hər şey bir müddət qadınlara qadağan edilir. Nəzərə alsaq ki, o vaxtlar foto şəkildə təzə çıxmışdı, deməli bizlər hələ də həmin ənənəyə sadiq qalırıq. Qadınlar qızlar təzə çıxan hər şeyə tamarzı gözü ilə, həsədlə baxmalıdırlar. Məsələ bu yaxınlarda bir tələbəmdən eşitdim ki, “yaxçı qızın feysbuk profili olmaz!”

“Molla Nəsrəddində” verilmiş bir karikatura isə bizə göstərir ki, son yüz ildə bizim ictimai nəqliyyatdakı darvanışlarımız və “mədəniyyətimiz” də dəyişmədən qalıb.

Bu karikatura Tiflisdə azərbaycanlıların və digər millətlərin (gürcü, rus və s.) ictimai nəqliyyatdan istifadə etmələrini, daha doğrus ictimai nəqliyyatdan istifadə etdikləri zaman nümayiş etdirdikləri davranışlar təsvir və tənqid edir. Karikaturanın yuxarı hissəsindəki şəkildə gürcülərin yaşadıqları məhəllədən keçən tramay təsvir olunub. Aşağıdakı şəkildə isə azərbaycanlıların yaşadıqları məhəllədən keçən tramvay təsvir edilib. Azərbaycanlıların istifadə etdikləri tramvay basa-basdı, adamların bəziləri tramvaydan sallaşır və ən maraqlısı isə tramvayda iki nəfərin dalaşmasıdı. Yəqin ki, razılaşarsınız ki, ictimai nəqliyyatda çox tez-tez belə hallarla rastlaşırıq. Hətta yutuba müraciət etsəniz görərisiniz ki, vəziyyət nəinki yaxşılaşıb əksinə pisləşib.

Sonda ümid edirəm ki, növbəti yüz sonra bu xoşa gəlməz vərdişlərimizi tərgidəcəyik və artıq Azərbaycan media orqanlarda vətəndaşların nəqliyyatdan necə istifadə etmələri deyil, daha aktual və daha qlobal problemlərdən bəhs ediləcək.

Qabil Aşirov
Femida.az

Açar sözlər:

Oxunub: 4021


Oxşar xəbərlər