“Əcnəbi mağazalar ölkəmizdə at oynadır” – Millət vəkilindən “ZARA” qalmaqalı ilə bağlı açıqlama


18:30     20 Avqust 2015 zara2.jpg

Bir neçə gün əvvəl “ZARA” mağazalar şəbəkəsinin işçisinin müştərilərlə əcnəbi dildə danışması ictimaiyyəti ciddi şəkildə narahat edib.


Femida.az əhalinin bu narahatlığını nəzərə alaraq Azərbaycan Dil Qurumunun sədri millət vəkili Sabir Rüstəmxanlı ilə əlaqə saxladı. Sabir Rüstəmxanlının fikrincə, əcnəbi brendlərin dilimizə qarşı bu cür hörmətsizlik nümayiş etdirməsinin səbəbini özümüzdə axtarmalıyıq:



“Bu ölkənin ərazisində rəsmi dil Azərbaycan dilidir və ölkəmizdə fəaliyyət göstərən istənilən qurum, təşkilat, mağaza bu dilə sayğı göstərməlidir. Ölkəmizdə fəaliyyət göstərən əcnəbi mağazalarının hamısı öz işçilərinin müştərilərlə azərbaycan dilində danışmasını təmin etməlidir. Həmin mağazalar reklam lövhələri yerləşdirərkən də diqqətli olmalıdır. Düşünürəm ki, mağaza işçilərinin müştərilərlə əcnəbi dillərdə danışması yolverilməz bir haldır. Bu halda vətəndaş dərhal məhkəməyə müraciət edə və öz hüquqlarını məhkəmələrdə müdafiə edə bilər. Əslində, problemin kökünü özümüzdə axtarmalıyıq. Biz öz dilimizə laqeyd yanaşdığımıza görə ölkəmizdə fəaliyyət göstərən əcnəbi mağazalar da dilimizə qarşı belə hörmətsizlik nümayiş etdirirlər. Həmin mağazalar bizim öz dilimizə qarşı laqeyd münasibət bəslədiyimizi açıq-aşkar görürlər. Ona görə ölkəmizdə də at oynadırlar. Ingilis, rus, alman dili ölkəmizin sərhədlərindən kənarda istifadə edilə bilər. Ölkəmizin sərhədləri hüdudunda isə işlək dil azərbaycan dilidir və əhali bu dildə danışmalıdır. Ölkəmizdə mövcud olan brendlərin, firmaların hamısının, o cümlədən, “ZARA” şirkətinin işçiləri müştərilərilə azərbaycan dilində danışmağa borcludurlar. Mən Azərbaycan Dil Qurumunun sədri olaraq bu kimi hallara qarşı daima mübarizə aparıram. Bakıda məşhur brendlər ictimai yerlərdə öz reklam lövhələrini başqa dillərdə tərtib edirlər. Amma unutmaq lazım deyil ki, qanunvericiliyə əsasən həmin reklam lövhələri tərtib olunarkən əcnəbi dillə yanaşı azərbaycan dilindən də istifadə edilməlidir. Bununla yanaşı reklam lövhələri əvvəlcə azərbaycan dilində, sonra isə əcnəbi dillərdə tətbiq edilə bilər və əcnəbi dildə olan yazının şrifti Azərbaycan dilindən böyük olmamalıdır”.

Unutmayaq ki, Azərbaycan vətəndaşı ölkəmizin sərhədləri hüdudlarında azərbaycan dilindən başqa bir dildə danışmağa məcbur edilə bilməz. Axı, ölkəmizdə işlək dil azərbaycan dilidir. Bunu konstitusiyamız və qəbul edilmiş digər qanunvericilik aktları da sübut edir. Ölkəmizdəki əcnəbi brendlər, butiklər, mağazalar isə öz fəaliyyətlərində ilk növbəd dilimizə hörmətlə yanaşmalı və vətəndaşlarımızla ünsiyyət ana dilimizdə qurulmalıdır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1372