AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı


21:07     30 İyun 2017 qqq_1498822165.jpg

AŞPA-da qəbul olunan bu qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təzyiq göstərmək lazımdır.


Femida.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da "Azad müzakirələr" zamanı çıxışında deyib.

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmayıbmı? Qətnaməni sizlər qəbul etmədinizmi? Sizin 1416 saylı qətnamə nə üçün həyata keçirilmir? Siz Ermənistandan bu qərarların həyata keçirilməsini tələb etməlisiniz. Qəbul etdiyiniz qərarlara məhəl qoymurlarsa, təzyiq göstərməlisiniz. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, Assambleyanın işğal edilmiş torpaqlardan geri çəkilməsinə dair qətnaməsinə əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin səsvermə haqqının alınması ilə bağlı məsələni müzakirə etmir? 25 ildir öz evlərinə dönə bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərmənizi gözləyir, sizi buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır”, - Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-nı ədalətə çağırıb.

Deputat diqqətə çatdırıb ki, Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları hamını ciddi narahat etməlidir. Assambleya mədəniyyətlər, dinlərarası müstəvidə gərginliklərin surətlə artmasından ciddi narahat olmalı, bu gərginliklərin gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini, Avropanın və bütün dünyanın gələcəyi üçün böyük təhlükələr yaradacağını unutmamalıdır. Bunun qarşısını almağın yolu isə ikili standartlara yol vermədən birlikdə daha çox çalışmaqdır. O, mədəniyyətlərarası, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi mövzusunun Assambleyanın gündəliyində olmasının vacibliyini vurğulayıb. Həmişə bu məsələyə böyük önəm verən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” elan edildiyini və bir sıra ölkədaxili tədbirlərlə yanaşı, il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirildiyini bildirib. Qeyd edib ki, 2017-ci ildə ölkəmizdə bu istiqamətdə çoxlu sayda yerli və beynəlxalq tədbir keçirilib, bütün beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bu mövzu diqqət mərkəzində olub. Azərbaycan bu sahədə dünyada örnək ölkələrdən biridir.

Q.Paşayeva deyib ki, müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur:

“Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində, ayrı-seçkiliyə qarşı mübarizədə ümumi səylər gücləndirilməlidir. Bütün üzv ölkələrdə multikulturalizmin əhəmiyyəti ilə bağlı daha çox işlərin görülməsinə və Assambleyada bu istiqamətdə daha çox müzakirələr aparılmasına böyük ehtiyac var. Avropada islamofobiyanın, antisemitizmin artması hamımızı ciddi narahat etməlidir və buna qarşı birgə mübarizəmizi gücləndirməliyik. Əgər dünyanı bir insan olaraq təsəvvür etsək o, indi çox ağır xəstədir, onu ancaq birlikdə xilas edə bilərik. Gələcək nəsillər üçün bu vacib missiyanı yerinə yetirməliyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 859