Tamaşaçı televiziyanı məhkəməyə verə bilərmi?


19:15     11 İyul 2017 zaurxosqedem4.jpg


Vətəndaşların efirdə yayımlanan bəzi sujetlərdən narahat olması halları ilə son vaxtlar çox qarşılaşırıq. Əsasən də vətəndaşların aldadılmasına hesablanmış əvvəlcədən qurulan ssenarilər cəmiyyətdə böyük narahatlıq və qıcıq doğurur.

Sual yaranır: vətəndaş efirdə onu qıcıqlandıran sujetə görə öz haqlarını necə müdafiə edə bilər?

Media eksperti Zeynal Məmmədli bildirdi ki, vətəndaş bu cür hallarda məhkəməyə müraciət edə bilər:

“Lakin bu halda iddia əsaslandırılmalıdır. Təbii ki, bunun üçün medianın fəaliyyəti ilə maraqlanmaq tələb olunur. Vətəndaş bilməlidir ki, jurnalist hansı hallarda hüquqi, hansı hallarda etik məsuliyyət daşıyır. Etik məsuliyyət jurnalistin çalışdığı qurumun verəcəyi cəzadır. Hüquqi məsuliyyət isə cəmiyyətin həmin jurnalistə verəcəyi cəzanı nəzərdə tutur. Vətəndaşlara da tövsiyyəm odur ki, bütün bunlarla tanış olmadan, hüquqşünasla məsləhətləşmədən addım atmasınlar. Media qurumlarının hüquqi məsuliyyətə cəlb olunmasına dair Azərbaycanda zəruri qanunvericilik bazası mövcuddur”.



Ekspert vurğuladı ki, vətəndaş efirdə gedən sujetdən narazı qalsa, Milli Televiziya və Radio Şurasına müraciət edə bilər:

“Nəzərə almaq lazımdır ki, efirdə yayımlanan proqramları Milli Televiziya və Radio Şurası (MTRŞ) tənzimləyir. Əgər hansısa sujet, yaxud da səslənən fikir vətəndaşda qıcıq doğurubsa, o, MTRŞ-a müraciət edə bilər. Bu qurum isə vətəndaşın narazılığını araşdırıb ona əsaslandırılmış cavab verməlidir. Vətəndaşın sorğusunu cavablandırarkən MTRŞ qanunları, etik kodeksləri nəzərdən keçirməlidir”.
Zeynal Məmmədli bu sahədə xarici ölkələrdə tətbiq olunan praktikaya da toxundu:
“Xarici ölkələrdə teletamaşaçılar cəmiyyəti var. Belə ki, müxtəlif tamaşaçı qurumları bir təşkilatda cəmləşiblər. Bu cəmiyyət vasitəsilə tamaşaçılar nəyi görmək istədiklərinə dair ictimai rəy yaradır. Sözsüz ki, etik qurumlar belə cəmiyyətlərin fikrini nəzərə almalı olurlar. Təəssüflə deməliyik ki, bizdə bu təcrübə yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində jurnalistin cəmiyyətdə qıcıq doğuran fikirlərinə görə hüquqi məsuliyyətə cəlb olunması halları yaşanıbdır”.

Ekspert onu da əlavə etdi ki, kütlənin reaksiyası bir çox hallarda haqlı olmaya da bilər:

“Medianın özünün tipləri var. Media qurumları ümumi ortaq dəyərlərlə yanaşı, fərqli meyarlar da götürə bilər. Bu fərqlər geyimdən tutmuş ifadə formasına qədər ola bilər. Əgər tamaşaçı media qurumunun yayacağı xəbərlər, sujetlər barədə əvvəlcədən xəbərdar edilibsə, bu halda tamaşaçının narazı qalmağa haqqı yoxdur”.

Hüquqşünas Ruslan Vəliyev şəxslərə qarşı böhtan, təhqir xarakterli məlumatların yayımlanması cinayət məsuliyyətinə səbəb ola bilər:

“Ümumilikdə jurnalistlər fəaliyyətlərini həyata keçirərkən istənilən məlumatı toplamaq, paylaşmaq hüququna sahibdirlər. Jurnalistin işi məlumatı cəmiyyətə çatdırmaqdır. Təbii ki, bu məlumat kimlərinsə xoşuna gəlməyə bilər. Kütləvi İnformasiya Vasitələri haqqında qanuna uyğun olaraq toplanmış və hər hansı şəxsin şərəf və ləyaqətini alçaltmayan məlumatın efirə getməsi, yayımlanması tamamilə qanunidir. Əgər məlumatın yayımlanması zamanı vətəndaş mənəvi sarsıntı keçirirsə, məhkəməyə müraciət edə bilər. Lakin bu müraciətin nəticəsi məhkəmənin gedişatından asılı olacaq. Məhkəmə işi araşdırarkən şəxsə qarşı böhtan, təhqir xarakterli elementlər aşkar etsə, məlumatı yayan şəxs, yaxud da media qurumu inzibati, cinayət məsuliyyətinə cəlb oluna bilər.



Hüquqşünas cəmiyyətdə ictimai ədavətin qızışdırılmasına, dini, etnik zəmində münaqişələrə səbəb olan məlumatların yayımı məsələsinə də toxundu. O, bildirdi ki, bu halda da hər bir vətəndaşın məhkəməyə müraciət hüququ var.
Hüquqşünasın sözlərinə görə, məhkəmənin gedişatı istənilən halda məlumatın xarakterindən və tərkibindən asılı olacaq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2111


Oxşar xəbərlər