Mülkü geyimli polis vətəndaşı saxlaya bilər? - CAVAB


17:28     25 Avqust 2015 vEN12Ao4CO72.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Son zamanlar polis və onun həyata keçirdiyi əməliyyat tədbirləri zamanı bir sıra suallar ortaya çıxır. Sosial şəbəkələrdə müzakirələrdə polislərin mülkü formada əməliyyata qatılmalarını qanuna zidd olduğu qeyd olunur.

Femida.az oxucuların göndərdiyi “ mülkü geyimli polisin vətəndaşı saxlamağa ixtiyarı varmı və polis vətəndaşı saxlayarkən onun təhlükəsizliyinə məsuliyyət daşıyırmı” - sualı ətrafında araşdırma aparıb.

Suallarımızı hüquqşünaslar qrupunun üzvləri cavablandırıb.

Vəkil Aqil Layicov :


Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddəsinə əsasən - 16.1. Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı digər tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir. 16.2. Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı həbs yerinin işçiləri və ya ibtidai araşdırmanı həyata keçirən şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və müvafiq prokuroru məlumatlandırmalıdır.

Vəkil Sadiq Əfəndiyev :

Saxlama ümumi anlayışdır, söhbət şəxsin hansı formada saxlanılmasından gedir? Məsələn barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış şəxsi polis əməkdaşı küçədə saxlayıb polis orqanına gətirir və yaxud şəxs müəyyən prosessual hüquqi əsasla polis orqanının müvəqqəti saxlama yerində saxlanılır.

Əgər söhbət polis orqanında şəxsin müvəqqəti saxlama yerində saxlanılmasından gedirsə polis həmin şəxsin təhlükəsizliyini təmin etməlidir. Polisin bu vəzifəsi bir çox normativ hüquqi aktlardan o cümlədən “Polis haqqında” AR-sı Qanunun 3-cü maddəsinin 1-ci hissəsindən, 14-cü maddəsinin 1-ci bəndindən, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR-sı Qanununun 15.1.2-ci və 16-cı maddələrindən və s. irəli gəlir.

O ki, qaldı polis əməkdaşının mülki geyimdə və mülki maşında şəxsi polis bölməsinə aparmasının qanuni olub olmamasına, bu suala ancaq məsələnin faktiki tərəfindən çıxış edərək müsbət yaxud mənfi cavab vermək olar. Məsələn, əməliyyat-axtarış fəaliyyətinin subyektləri DİN-in təlimatlarına uyğun olaraq öz xidmətlərini mülki geyimdə aparırlar və təbii ki, onların təhqiqat orqanın əməkdaşı kimi səlahiyyətlərindən istifadə edərək şəxsi tutub polis orqanına apararkən mülki geyimdə olmaları mümkündür. Bundan başqa xidmətdən kənar vaxtda mülki geyimdə olan polis əməkdaşı hüquqpozan şəxsi tutub saxlaya və zəruri olarsa onu yaxınlıqdakı polis orqanına təhvil verə bilər.

Əksinə, əgər polis əməkdaşı daxili təlimat qaydalarını pozaraq xidməti geyimdə deyil, mülki geyimdə olubsa, yaxud polis avtomobili əvəzinə mülki avtomobildən istifadə edibsə, bu yalnız polis əməkdaşının intizam qaydasında cəzalandırılmasına səbəb ola bilər. Yəni, bu cür vəziyyət hüquq pozan şəxsin məsuliyyətini aradan qaldırmır.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 10978