Sərhəddə təxribatlar: Ermənistan nəyə nail olmaq istəyir? - ŞƏRH


16:21     08 Avqust 2017 1151668377_cebheeed.jpg

Xəbər veridiyimiz kimi, Ermənistan Silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini mərmi atəşinə tutması nəticəsində kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu ayaq nahiyəsindən yaralanıb. Düşmən adətən bu cür təxribatları xəbhə xəttində, qoşunların bilavasitə təmas xəttində törədərdi. Lakin son bir neçə aya nəzər salsaq, görərik ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanla sərhəd bölgələrindən, Qazax, Tovuz, Gədəbəy istiqamətindən mülki yaşayış obyektlərimizi atəşə tutur.


Sözsüz ki, ərazisinin hərbi müdafiəsini Rusiyaya əmanət etmiş Ermənistanın bu cür təxribatlara əl atmasının arxasındakı məqsəd düşmənin məkrli planının tərkib hissəsidir.

Politoloq Qabil Hüseynli hesab edir ki, düşmənin məhz sərhd bölgələrindən atəşkəsi pozması Rusiyanın münaqişə ilə bağlı hərbi fəaliyyətə cəlb etmək məsədi daşıyır:

“Ermənistan uzun müddətdir ki, Azərbaycanı bilavasitə sərhəd bölgəsində qarşıdurmaya cəlb etmək istəyir. Buna görə də Qarabağ bölgəsindəki atışmalar istiqamətini dəyişərək Azərbaycanın Ermənistanla sərhəd bölgəsindəki rayonlara keçib. Ermənilərin məqsədi bəllidir. Düşmən Rusiyanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi fəaliyyətlərə cəlb etmək istəyir. Zənnimcə, bu, çox təhlükəli tendensiyadır. Ordumuz bu cür təxribatlara uymamalıdır. Amma atəş açılırsa, buna cavab verməmək də mümkün deyil. Hazırkı məqamda əgər təxribatlar irimiqyaslı xarakter almayıbsa, bu barədə beynəlxalq təşkilatlara müraciət edilərək Ermənistanın təxribatçı niyyətləri ilə bağlı məlumat verilməlidir. Xarici İşlər Nazirliyimiz də buna uyğun olaraq həmlələrini genişləndirməlidir. Əks təqdridə, vəziyyət gərginləşə və bizim üçün ağır nəticələrə səbəb ola bilər”.



Siyasi analitik Elxan Şahinoğlunun fikrincə, Azərbaycan Müdafiə Nazirliyi və XİN dərhal bəyanat yaymalıdırlar:

“İllərdir bu haqda söyləyirəm ki, Ermənistanın məqsədi Rusiya vasitəsilə Dağlıq Qarabağın işğalını uzatmaqdır. Moskva ilə İrəvan arasında əldə olunan son razılaşmalara görə, Rusiya Ermənistan ərazilərini qorumaq məcburiyyətindədir. Aydındır ki, Rusiyanın Qarabağa hüquqi baxımdan müdaxilə etməsi mümkün deyil. Rusiya Qarabağ münaqişəsində Ermənistana dəstək versə də, birbaşa hərbi müdaxilə etmir. İndi Ermənistan ona çalışır ki, Rusiya da bu prosesin içərisində olsun. Aydındır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyirinə həll etməkdə maraqlı deyil. Ermənistan da bundan öz məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Tovuz, Qazax istiqamətlərində atəşkəsin qəsdən pozulması da bu məqsədə xidmət edir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi yenidən birgə açıqlama yaymalıdırlar ki, Ermənistan sərhəd bölgələrində təxribatlara əl atır. Tovuz istiqamətində artıq ard-arda neçənci təxribatdır. Bütün bunlara cavab verilməlidir. İşğalçını daima təzyiq altında saxlamalıyıq”.



Elxan Şahinoğlu hazırda təmas xəttində olan ATƏT-in Monitorinq Qrupunun fəaliyyətinə də toxundu:

“ATƏT-in Monitorinq Qrupunun təmas xəttindəki araşdırmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki heç vaxt günahın hansı tərəfdə olduğunu açıq şəkildə bəyan etməyiblər. Yəni proseslərə seyirçi mövqedə dayanmağa üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, nə ATƏT, nə də digər beynəlxalq qurumlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə maneçilik törədə bilməzlər. Ermənistan sərhəd bölgələrində atəşkəsi pozmaqla həm də onu göstərməyə çalışırlar ki, Qarabağda müharibə başlasa, düşmən sərhəd bölgələrindən də Azərbaycana qarşı təxribatlara əl atacaq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2295