Fəhlələri günün altında işlədən şirkətlərə xəbərdarlıq edilib - RƏSMİ


16:20     24 Avqust 2017 11823924_1024138550952169_652798367_n%20(1).jpg

“Cari yay mövsümündə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iki dəfə işəgötürənlərə müraciət olunaraq, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi üçün zəruri tədbirlərin görülməsi barədə onlara xəbərdarlıq edilib”.

Bu, Femida.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Hər iki müraciətdə qeyd olunub ki, ölkəmizin Əmək Məcəlləsinə əsasən, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada, eyni zamanda sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda bütün növ işlərin dayandırılması, işçilərə sərinləşmək üçün imkan yaradılması, onlara fasilələr verilməsi təmin edilməlidir. Həmin fasilələr zamanı boşdayanma işçinin təqsiri üzündən baş vermədiyi üçün, boşdayanma vaxtının haqqı tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir”, - deyə məlumatda qeyd olunur.

Nazirliyin açıqlamasında o da vurğulanıb ki, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin qanunvericiliyin tələblərinə uyğun olmayan şəraitdə işlədilməsinə dair hər hansı müraciət ediləcəyi halda Xidmət tərəfindən müvafiq tədbirlər görüləcəyi də diqqətə çatdırılıb. Çünki Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu və ya digər müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti yalnız işçilərin müraciətləri əsasında araşdırıla bilər.

Qurumun verdiyi açıqlamada bildirilir ki, qeyd edilən müraciətlərdən sonrakı müddətdə havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin qanunvericiliyin tələblərinə uyğun olmayan şəraitdə işlədilməsinə dair yazılı və şifahi formada, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzi vasitəsilə hər hansı müraciət edilməyib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1367