Miqrasiyaya nəzarət etmək niyə çətinləşib?


16:58     05 Sentyabr 2017 iStock_000025294314_Double-pic700-700x467-61261.jpg

Hazırda dünyada hər 35 nəfərdən biri, yəni dünya əhalisinin 3%-i beynəlxalq miqrantdır.


Beynəlxalq Miqrasiya Siyasətinin Təkmilləşdirilməsi Mərkəzinin məlumatına görə, bu statistika artmaqdadır.

Miqrasiya probleminin qarşısının ancaq sərhəd nəzarət-yoxlanışı tədbirlərinin köməyi ilə alınması və ya idarə olunması qeyri-mümkündür. Hətta texnoloji baxımdan son dərəcə təkmilləşdirilmiş texniki vasitələr də əhatəli nəzarət işini həyata keçirməyə təminat vermir.

Miqrasiya Azərbaycan üçün də aktual məsələyə çevrilib. Bununla bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında da miqrasiya sazişi imzalanıb. 2013-cü ildə imzalanan saziş leqal və işçi miqrantlar məsələsində Azərbaycanın imkanlarının gücləndirilməsinə yönəlib.

Qaçqınlara sığınacaq və müdafiə göstərilməsi, müharibə miqrantlarının, o cümlədən qeyri-leqal miqrasiyanın və döyüş əməliyyatları qurbanlarının traffikininin qarşısının alınması ilə bağlı məsələlərdə şərait və imkanlar yaxşılaşdırılması nəzərə alınıb.

Avropa İttifaqı Moldova (2008), Gürcüstan (2009), Ermənistan (2011) və bir sıra Şimali Afrika ölkələri ilə də belə sazişlər imzalayıb.

Readmissiya haqqında sazişlə birlikdə bu sazişlər vətəndaşların sərhəddə təhlükəsiz hərəkətinin asanlaşdırılması üçün mühüm açar olacaq.

Statistika

Açıqlanan son statistikaya görə təkcə 2015-ci ildə 1557 nəfər Azərbaycanı tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə gedib. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, onlardan 1394 nəfəri MDB ölkələrinə, 163 nəfəri isə digər xarici ölkələrə üz tutub. 2015-ci ildə 20 nəfər ABŞ-a, 17 nəfər Almaniyaya, 52 nəfər Belarusa, 1 nəfər Estoniyaya, 17 nəfər Gürcüstana, 3 nəfər İsrailə, 482 nəfər Qazaxıstana, 10 nəfər Qırğızıstana, 1 nəfər Latviyaya, 9 nəfər Moldovaya, 20 nəfər Özbəkistana, 782 nəfər Rusiyaya, 66 nəfər Türkiyəyə, 17 nəfər Türkmənistana, 22 nəfər Ukraynaya, 38 nəfər isə digər ölkələrə gedib. 2010-2011-ci illərdə isə 4 min 359 azərbaycanlı ölkəni tərk edib.

1990-cı illə müqayisədə ötən illərdə əhalinin beynəlxalq miqrasiyası arasında kəskin fərq qeydə alınıb. Belə ki, 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən daimi yaşamaq üçün gedənlər isə 137,9 min nəfər olub. 1991-ci ildə gələnlər 66,3 min nəfər, gedənlər 106,4 min nəfər təşkil edib.

1995-ci ildə ölkəyə gələnlər 6,2 min nəfər, gedənlər isə 16,0 min nəfər təşkil edib.
2000-ci ildə gələnlər 4,4, gedənlər 9,9 min nəfər, 2005-ci ildə gələnlər 2,0 min, gedənlər 2,9 min, 2010-cu ildə gələnlər 2,2 min nəfər, gedənlər 0,8 min nəfər təşkil edib.

2015-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2010-cu illə müqayisədə gələnləri daha çox üstələyib. Belə ki, qeyd olunan il ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2,7 min nəfər, gedənlər isə 1,6 min, 2016-cı ildə isə yaşamaq üçün gələnlərin sayı 3,2 min nəfər, daimi yaşamaq üçün gedənlərin sayı isə 1,7 min nəfər təşkil edib.

Ümumiyyətlə, 1990-cı ildən 2017-ci ilə qədər ölkəyə daimi yaşamaq üçün 283,6 min nəfər gəlib. Bu müddət ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı isə 453,8 min nəfər olub.


Prioritet – könüllü qayıdış

BMT-nin İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə proqramının rəhbəri xanım Meltem Ersan deyir ki, Avropa İttifaqı miqrasiya siyasətini tənzimləmək baxımından ən təcrübəli qurumdur. Bununla belə, prosesə nəzarət etmək çətindir: “Statistik rəqəmlər olsa da, dünyada nə qədər insanın miqrasiya etməsi barədə dəqiq söz söyləmək çətindir. Çünki proses o qədər çoxşaxəli olub ki, nəzarət etmək çətinləşib. Miqrasiya dünya yaranandan bu yana hər zaman olub. Sadəcə bunu məni tendensiya kimi deyil, yaşamaq uğrunda mübarizə kimi təbliğ etmək, humanist dəyərlər prizmasından yanaşmaq lazımdır.

Son vaxtlar bizim üçün prioritet məsələlərdən biri də könüllü qayıdışı təbliğ etməkdir. Bunun üçün insanların ölkələrini könüllü tərk etdikləri kimi könüllü qayıdışlarının mümkün olduğunu da onlara başa salmaqdır”.

Səbəb: təhsil, səhiyyə…

Xanım Ersanson vaxtlar Azərbaycanda daha çox Almaniya, İsveç, Hollandiyaya gedənlərin üstünlük təşkil etdiyini deyir. O, deyir ki, ölkədən getmə səbəbləri sırasında təhsil və səhiyyəyə görə miqrasiya ilk yerdə dayanır: "Bir qisim insanlar məhz sağlamlıq durumunu qaydasına salmaq üçün ölkəni tərk edir, digər bir qism isə təhsil almaq üçün. Ailələr də övladlarının məhz təhsil və sağlıq məsələsi baxımından təminatlı olması üçün başqa ölkələrə miqrasiya edir. Hazırda bütün dünyada miqrasiya tendensiyası var. Elə bir ölkə yoxdur ki, orada kimsə getməsin və ya ora getməsinlər.

Avropa İttifaqının miqrant siyasətində önəmli bir məsələ miqrant məsələsi ilə birgə vüsət alan insan alverinin qarşısını almaqdır". (Hafta.az)

Femida.az

Açar sözlər:

Oxunub: 796


Oxşar xəbərlər