Hərbi jurnalist: Ordumuz düşmənə layiqli cavab verməyə qadirdir


20:50     10 Oktyabr 2017 15076380801050541898_1000x669.jpg

Oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar barədə ətraflı məlumat verən Prezident, Ali Baş Komandan İlham Əliyev bütün istiqamətlərdə dinamik inkişaf tempinin davam edəcəyindən əminliklə danışıb və hər kəsdə maraq doğuran iqtisadi inkişafımızın göstəricilərini diqqətə çatdırıb. Bu çıxış təbii ki, hərbi qulluqçular tərəfindən də maraqla qarşılanıb. Çünki ölkənin hərbi qüdrətinin artmasının iqtisadi inkişafla birbaşa bağlı olması heç kəsə sirr deyil.


Bu fikri Femida.az-a açıqlamasında hərbi jurnalist İsa İsmayılov deyib.

İsa İsmayılov bildirib: “Son illər Azərbaycan Ordusunun şəxsi heyəti deyilənlərə sözün həqiqi mənasında şahiddir və bu uğurlu dəyişiklikləri öz üzərində müsbət mənada hiss edir. İqtisadi inkişafımız hər sahədə olduğu kimi, ordu quruculuğuna da öz müsbət təsirini göstərir, uğurlu addımların atılmasına, həyata keçirilən islahatların müvəffəqiyyətli olmasına zəmin yaradır. Məlumdur ki, ölkəmiz iqtisadi cəhətdən nə qədər güclənərsə, onun hərbi qüdrəti də bir o qədər artar, Ordumuzun döyüş hazırlığı daim yüksələr, şəxsi heyətin sosial-məişət şəraiti daha da yaxşılaşar”.

Hərbi jurnalist diqqətə çatdırıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyi tərəfindən son bir neçə il ərzində həyata keçirilən islahatlar, görülən işlər də deyilənlərə əyani sübutdur. Alınan ən müasir hərbi təyinatlı avadanlıqlar, yeni silah və döyüş texnikası, istifadəyə verilən hərbi şəhərciklər, təlim mərkəzləri, keçirilən irimiqyaslı döyüş atışlı təlimlər, Azərbaycan Ordusunun hərbi qulluqçularının müxtəlif beynəlxalq tədbirlərdə uğurla, inamla iştirakı da məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən iqtisadi inkişafımızın göstəricisidir.

Ali Baş Komandanın tapşırığına əsasən, Belarus Respublikasında səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər zamanı əldə olunan razılaşmalar, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi yaxın vaxtlarda Ordumuzun silah arsenalının zənginləşdirilməsi və daha da güclənməsi istiqamətində görülən zəruri tədbirlərdəndir.

“Heç şübhəsiz, görülən bu uğurlu işlər isə Ali Baş Komandanın da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrilməsinə imkan yaradıb. Bu gün artıq hər kəs inamla deyə bilər ki, Silahlı Qüvvələrimiz dövlətimizin başçısının hər bir əmrini yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə və düşmənə layiqli cavab verməyə qadir olan qüdrətli ordudur”, - deyə İsa İsmayılov bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 476