Cərimə meydançasındakı 150 minlik maşınlar -FOTOLAR


19:02     02 Sentyabr 2015 05b8d4.jpg

Son günlər Bakıda yol polisi tərəfindən cərimə meydançasına elə maşınlar salınır ki, bəzilərini əməlli-başlı fikir götürüb.


Əvvəllər belə düşüncə var idi ki, yol polisi bahalı və gözəgəlimli nömrəsi olan maşınları saxlamır və cərimə etmir. Amma Bakıdakı cərimə meydançalarında çəkilən bu fotolardan görünür ki, yol polisi bahalı nömrəsi olan bahalı maşınları nəiinki saxlayıb cərimə yazır, hətta, lazım gələndə onları cərimə meydançasına da salır. Məsələn, bu fotolardan göründüyü kimi, 100, 006, 007, 888 və digər bu kimi diqqətçəkən nömrə nişanları olan avtomobillər hazırda cərimə meydançasındadır. Onların arasında müxtəlif modeldən olan 3 «Porsche», 4 «Mersedes GL», 3 «Range Rover», 1 «Wolksvagen Touareg», 3 «BMW-X6, 1 «İnfiniti», 1 «Nissan», 1 «BMW-750» və başqa markalı avtomobillər var.



Həmin avtomobillərin bəzilərinin sürücüləri sərxoş vəziyyətdə sükan arxasına oturanlardır. Eyni zamanda, yol polisinə tabe olmayanların, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərin də nəqliyyat vasitələri cərimə meydançalarına salınıb. Həmin nəqliyyat vasitələrinin bəzilərinin qiyməti 150 min manata yaxındır.



Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həqiqətən də cərimə meydançalarında bahalı avtomobillər mövcuddur və onların sürücüləri müxtəlif qayda pozuntularına yol verdikləri üçün maşınlar duracağa qoyulub:

«Bəzən cəmiyyətdə elə fikir formalaşır ki, guya yol polisi bahalı maşınları, nömrəsi gözəgəlimli olanları saxlayıb cərimə yazmır. Lakin inzibati qayda pozuntusu törətidilrsə, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunur. Sizin çəkdiyiniz fotolardakı mənzərə də dediklərimi bir daha təsdiq edir».

Açar sözlər:

Oxunub: 4895