Məhbusun qaçmasına görə kimlər cəzalandırıla bilər? - Vəkildən münasibət


15:59     23 Oktyabr 2017 qasi.jpg

Xəbər verdiyimiz kimi bu gün Biləcəri stansiyasında iki məhbus qatardan qaçıb. Onlar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. Əli Ağami kriminal aləmdə “Krutoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətlində ittiham olunub.


Femida.az məsələnin hüquqi tərəfini araşdırıb.

Həbs yerindən, yaxud mühafizə altından qaçan məhbusu hansı cəza gözləyir?

Mövzu ilə bağlı femida.az-ın suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, burada ilk növbədə məsuliyyət məhkumun öz üzərinə düşür. Çünki onun həbs yerindən qaçması ayrılıqda bir cinayətdir.

“Qeyd olunan məsələ Cinayət Məcəlləsinin 304-cü maddəsində öz əksini tapıb. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə, silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla törədildikdə —
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”, deyə vəkil bildirib.






Bəs qeyd olunan şəraitdə məhbusun qaçması nə dərəcədə realdır sualına vəkil belə cavab verib:

“ Burada hadisənin hansı şəraitdə baş verməsi hələlik aydın deyil. Təbii ki, bu hadisədə dustaqlara nəzarət edən şəxslərin də müəyyən səhlənkarlığı olub. Amma bunun qəsdən edilib, edilmədiyi bizə məlum deyil. Bu səbəbdən də kimisə ittiham etmək düzgün deyil. Araşdırmanın nəticəsindən asılı olaraq işində səhlənkarlığa yol vermiş şəxslərə intizam cəzasından tutmuş, digər cəzalara qədər qanunla nəzərdə tutulmuş qaydada tədbir görülə bilər.”

Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz silah gəzidrmə) maddələri ilə ittiham olunan Əli Ağami bu gün saxlandığı Kürdəxanı istintaq təcridxanasından Şirvan şəhərinə etap olunarkən Biləcəri dəmiryolu stansiyasında qaçıb.

Məlumata görə, Əli Ağaminin cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsində proses gedir.

Qeyd edək ki, 2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib.

Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6812