Mehman Hüseynovun məhkəməsi başlayıb


20:10     03 Noyabr 2017 mehman%20huseynov.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində blogger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə yenidən məhkəmə iclası başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda vəkillər Mehman Hüseynovun müdafiəçilərin yanında əyləşməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin istintaqla aparılması barədə vəsatətlər veriblər.

Məhkəmə sonuncu vəsatəti təmin edib.

Daha sonra xüsusi ittihamçının nümayəndəsi ittihamın mahiyyətini elan edib.

M. Hüseynov özünü təqsirli bilməyib.

İclasda vəkil Fuad Ağayev M. Hüseynov barəsində şikayət etmiş Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsini, M. Hüseynov saxlanılan zaman ərazidəki görüntülərin götürülməsini istəyib.

Proses noyabrın 10-da davam edəcək.

Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.


Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Açar sözlər:

Oxunub: 887