111 dövlət əmlakı hərraca çıxarılacaq


16:00     06 Noyabr 2017 dollar%20herrac.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.


Komitədən Femida.az-a verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərraca müxtəlif çeşidli 111 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” ASC-dir. Adıçəkilən əmlakın səhminin 30%-i 126 min manata yaxındır.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Qazax, Mingəçevir, Yevlax, Cəlilabad, Siyəzən, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 756 kvadratmetr arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Qazax, Şirvan və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qazax şəhərində yerləşən "Elviz" kiçik dövlət müəssisəsi, Şəmkirdə olan “Çörək mağazası”, Şirvanda yerləşən 27 saylı mağaza kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 240 kvadratmetrə, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır.

Bundan başqa, Yevlaxda yerləşən 7 saylı yeməkxana sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 58-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 1 kvadratmetr ilə 240 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.

Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1010