Vəkillər Kollegiyası məlumat yaydı
20:40 08 Noyabr 2017
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Milli Məclisdə məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin qəbulu ilə bağlı məlumat yayıb.
Vəkillər Kollegiyasından Femida.az-a daxil olan məlumatda bildirilib ki, qeyd olunan dəyişikliklərin ictimaiyyət arasında geniş müzakirəyə səbəb olmasını nəzərə alaraq, Vəkillər Kollegiyası aşağıdakıları diqqətə çatdırır:
“Adı çəkilən əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək.
Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə 7 noyabr 2017-ci il tarixli Sərəncamı ilə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasına tövsiyə olunub. Buna nail olmaq üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək.
Belə ki, çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı, ən qısa zamanda ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda, hal-hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda, Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər”.
Qeyd olunub ki, Vəkillər Kollegiyası qəbul olunmuş əlavə və dəyişiklikləri dəstəkləyir və bu istiqamətdə üzərinə düşən vəzifələrin lazımınca icrasını təmin edəcək.
Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 7-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklə məhkəmə proseslərində nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.
Dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən “fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər". Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Dəyişikliklər 2018-ci il, yanvarın 1-dən qüvvəyə minir.
Femida.az
Oxunub: 3131
Oxşar xəbərlər
- Vəkillər Kollegiyası 18 yeni vəkilə vəsiqə verdi
- Vəkillər Kollegiyası hüquqşünaslara müraciət edib
- Vəkillər Kollegiyasının yeni saytı hazırlanır
- Vəkillər Kollegiyası üzvlüyü üçün sənəd qəbulu bərpa edilir
- Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçilib
- Vəkillər Kollegiyasının sədr müavinləri seçilib - SİYAHI
- Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir
- Vəkillərdən ciddi narazılıq var: “Pul alıb heç bir iş görmürlər” (SORĞU)
- Vəkillər müvəkkillərdə çaşqınlıq yaratmamalıdır - Penitensiar Xidmət məhkumla bağlı məlumat yaydı
- Vəkillərin qohumları öldü, məhkəmə yarımçıq qaldı - `Rabitə işi`