“Elçibəyi dostları satdı” - Prokuror


21:26     04 Sentyabr 2015 1435172069_1375430510_ebulfez_elcibey_by_azerbaycanciliq-d5awkt6.jpg

“Dostları Elçibəyin əleyhinə səs vermişdilər”


Femida.az xəbər verir ki, bu sözləri 1975-ci ildə Əbülfəz Elçibəyin məhkəməsində dövlət ittihamçısı qismində çıxış etmiş prokuror, general Yamən Yusifov deyib.

“Onu dostları satdı. Deyim ki, həddən artıq adam dindirilmişdi. Onun tələbələri olan Həsən Həsənov və Vahabov soyadları yadımdadır. Onların ifadələri əsasında cinayət işi qaldırılmışdı. Bu adamlar ərizə yazmışdılar ki, “Əbülfəz müəllim bizi dəniz qırağına, çayxanalara aparır”. İfadə verənlərdən biri məhkəmədə dedi ki, “mən hətta bir dəfə soruşdum ki, sovet hökümətinin işıqlı zalları qala-qala biz niyə bu söhbətləri çayxanalarda aparırıq? Əbülfəz müəllim cavabında “sən bilmirsən ki, Hitler də Bavariyanın pivəxanalarında pivə içə-içə hakimiyyəti ələ alıb. Biz də hakimiyyəti ələ almağa nail olacağıq” dedi”.

Bütün proses yekunlaşdı. Elçibəyə hörmət etdik, az cəza verdik. İl yarım cəza aldı. Onun da beş–altı ayını yatdı. Sonra çıxdı.

Məhkəmə keçirilərkən universitetdə mənim iştirakımla iki gün Elçibəyin işi ilə bağlı iclas keçirildi.

Prosesin gedişi zamanı həddən artıq tələbə zala gəlirdi. Onlar etiraz edirdilər, divarlarla şüarlar yazırdılar. Ona görə də qərara alındı ki, bununla bağlı unversitetdə müşavirə keçirək. Rayon Partiya Komitəsinin birinci katibi İbrahimovu da universitetə dəvət etdik. Universitetin müəllimi Abbas Zamanov, başqa müəllimlər çıxış etdilər. Deyim ki, Abbas Zamanov Elçibəyin bütün proseslərinə gəlirdi. Unversitetdə müşavirədə o çıxış etdi. Bu çıxışlardan sonra tələbələrin proseslərə gəlməyi azaldı. Universitet rəhbərliyindən ADU-nun rektoru Faiq Bağırzadə, partiya təşkilat katibi, akademik Aslan Aslanov çıxış etdi. Elçibəyi müdafiə etmədilər. Ona görə ki, gördülər ki, Elçibəy hər şeyi etiraf edir. Nə deməli idilər ki? Abbas Zamanov Respublika prokurorluğuna gəldi bizdəki materiallarla tanış oldu”.

HEYDƏR ƏLİYEV MƏHKƏMƏYƏ AÇIQ MÜDAXİLƏ ETMİRDİ

Yamən Yusifov o zaman Azərbaycan SSR-yə rəhbərlik edən mərhum Heydər Əliyevin Əbülfəz Elçibəyin məhkəməsinə münasibətindən də danışıb:

“Heydər Əliyev məhkəməyə açıq müdaxilə etmirdi. Amma bilirdi ki, nələr baş verir, proses nə yerdədir. Heydər Əliyevin Əbülfəz Elçibəyə az cəza verilməsində böyük xidmətləri oldu. DTK rəhbərliyinin isə Əbülfəz Elçibəyə münasibəti çox mənfi idi. DTK məhkəmənin ona uzun müddətli cəza kəsməsini istəyirdi.

Elə ona görə də, Elçibəyə verilən maddə üstündə DTK ilə bizim aramızda böyük narazılıq oldu. Çünki cinayət işini onlar aparmışdılar. DTK-nın ixtiyarı var idi cinayət işi qaldırsın. Yadımdadır ki, cinayət işinin qaldırılması haqqında qərarı mən hazırladım. Cinayət işini biz qaldırdıq və DTK-ya tapşırdıq ki, siz istintaqı aparın. Amma deyim ki, DTK-nin işçilərinin arasında Elçibəyə münasibəti yaxşı olanlar da var idi”.

ƏBÜLFƏZ ELÇİBƏY: “ANAM ZALDA OTURSA, İFADƏ VERMƏYƏCƏM”

Yamən Yusifov Əbülfəz Elçibəyin anasının məhkəmədə iştirak etməsi üçün məhkəmə sədrinin təklifinə etiraz etdiyini deyib.

“ Məhkəmənin ikinci günü gördüm ki, binanın qabağında yerdə bir qadın oturub. Yanında da bir uşaq. Qadın məni görən kimi tez yaxınlaşdı və dedi ki, “Yamən müəllim, mən Əbülfəzin anasıyam. Xahiş edirəm, mənə şərait yardın prosesdə iştirak edim”. Mən göstəriş verdim ki, qadını ikinci mərtəbəyə, məhkəmə gedən zala aparsınlar.

Məhkəmə proses başlayan kimi Əbülfəz Əliyev durdu ayağa və hakimdən xahiş etdi ki, anası zaldan çıxarılsın. Dedi ki, “anam zalda otursa, ifadə verməyəcəm”. Axır gördük ki, heç cür razılaşmır, qərara aldıq ki, anası zaldan çıxsın.

Məhkəmə prosesi zamanı Elçibəy ona qarşı qaldırılan ittihamları etiraf etdi. Amma dedi ki, “səhv eləmişəm, boynuma alıram”.

Qeyd edək ki, Yamən Yusifov 1924-cü ildə Ağdam şəhərində anadan olub. 1947-ci ildə keçmiş Əzizbəyov rayon prokurorurnun köməkçisi kimi işə başlayan Y.Yusifov 1953-cü ildən 1957-ci ilə kimi Respublika Prokurorluğunda Cinayət məhkəmə nəzarəti şöbəsinin rəisi işləyib. 1957-62-ci illərdə respublika prokurorunun müavini, 1962-ci ildən 1982-ci ilə qədər keçmiş Dövlət Təhlükəsizlik Komitəsində (DTK) aparılan istintaq işlərinə nəzarət üzrə rəhbər şəxs olub. 16 avqust 2013-cü ildə vəfat etmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 4242


Oxşar xəbərlər