“Zərif o vəzifəyə layiq deyil” – İrəvandakı açıqlamaya Azərbaycandan reaksiya


18:19     30 Noyabr 2017 Mohammad-Javad-Zarif4-680x453.jpg

Məlum olduğu kimi, İranın xarici işlər naziri Cavad Zərif Ermənistana səfəri çərçivəsində verdiyi qəribə açıqlamalarla yadda qalıb. İran və Ermənistanın yaxşı qonşu olduğunu vurğulayan C. Zərif deyib ki, hər iki ölkə arasında son illər siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da fəallaşıb. O qeyd edib ki, Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır.


Sözsüz ki, Zərifin bu açıqlaması bizi üzməyə bilməzdi. Regional geosiyasi aktor olan İranın Azərbaycanla genişlənən siyasi, iqtisadi münasibətlərini yada salmağa qətiyyən ehtiyac yoxdur. Son bir neçə ildə İlham Əliyevlə Həsən Ruhaninin mütəmadi olaraq görüşməsi, regional və qlobal əhəmiyyətə malik irimiqyaslı layihələri müzakirəyə çıxarılamsı iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasını göstərən əyani sübutlardır. Lakin hər bir halda xarici işlər naziri kimi yüksək diplomatik postun sahibinin İrəvanda səsləndirdiyi son fikirlər uğursuzdur və ədalətsizdir.

Elə siyasi ekspertlərimiz da bu fikirdədir.



Politoloq Qabil Hüseynli hesab edir ki, İran kimi böyük bir dövlətin xarici işlər nazirinin bu cür subyektiv və faktları təhrif edən çıxışı bu şəxsin həmin vəzifəyə layiq olmamasından xəbər verir:

“Təcavüzkar dövləti regionda sülhün təminatçısı kimi təqdim etmək normal ölkənin XİN rəhbərinə yaraşmaz. Zərif ən azından diplomatik tərzdə İrəvanın ünvanına siyasi bəyanatlar verə bilərdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı hər şeydən əvvəl İrana bəllidir. Təcavüzkar dövlətə siyasi imic qazandırmağa çalışmaq riyakarlıqdan başqa bir şey deyil. Dağlıq Qarabağ probleminin həllində vasitəçilik səylərinə girməyə çalışan İranın xarici işlər nazirinin belə subyektiv və qeyri-obyektiv mövqeyi bu ölkənin beynəlxalq imicinə böyük zərər vuracaq. Zərifin İranın rəsmi dövlət mövqeyinin əksinə çıxış etməsi paradoksal bir haldır. Ümid edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrana sorğu göndərib cavab tələb edəcək”.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, əslində Ermənistan mətbuatı Zərifin fikirlərini müəyyən qədər kontekstdən çıxarıb:

“Mən sözügedən məsələ ilə bağlı həm İran, həm də Ermənistan mətbuatında çıxan xəbərlərə göz gəzdirdim. Anladım ki, İranın xarici işlər nazirinin İrəvanda səsləndirdiyi fikirlər kontekstdən çıxarılıb. Zərif təqribən belə bir fikir bildirmişdi: “Ermənistanla İran yaxın qonşuluq münasibətlərinə malikdir və bizim münasibətlərimizi tarixi çox qədimlərə söykənir”. Amma onu da nəzərə almaq lazımdır ki, əgər İran kimi bir ölkənin xarici işlər naziri Ermənistana gedirsə və səfər çərçivəsində bu ölkənin İsraillə münasibətlərinə bir dəfə də olsun açıqlama verilmirsə, bunun özü bir diplomatik mesajdır. Diplomatiya təkcə verilən bəyanatlar deyil. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında İranın vasitəçiliyini qəbul etsə də, Ermənistan bunu qəbul etmir. Təəccüblüdür ki, Zərif məlum səfər çərçivəsində bir dəfə də olsun Dağlıq Qarabağ kəlməsini dilinə gətirməyib. Cavad Zərif Ruhaninin siyasi kursuna uyğun hərəkət etməlidir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3818


Oxşar xəbərlər