Şeyxülislam Qaxa gedib


19:36     07 Sentyabr 2015 seyx1406369801.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 6-da Qax rayonunda səfərdə olub.


QMİ-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, səfərdə onu QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və başqaları müşayiət ediblər.

Şeyxülislam A. Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçiriblər. Tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda gedən quruculuq işləri barədə ətraflı məlumat verib.

QMİ sədri Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqalları ilə ünsiyyətdə olub. Görüşdə ölkədə dini-mənəvi dəyərlərin, mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, maarifləndirmə tədbirləri haqqında ətraflı söhbət açılıb.

Daha sonra QMİ sədri A. Paşazadə Qax rayon Cümə məscidində dindarlarla görüşüb. Burada aparılan təmir-bərpa işləri ilə tanış olan Şeyxülislam məscidin icmasına xeyir-dualarını verib.

Qax rayonunda QMİ sədri A. Paşazadə rayonun xristian dini icmasının üzvləri ilə görüşüb. Qax rayonu Qaxingiloy kəndində Müqəddəs Giorgi kilsəsi ilə tanış olan və bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən Şeyxülislam icmaya maddi yardım göstərib. A. Paşazadə ölkədə dövlətin dini icmalara diqqət və qayğısının, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və Qaxda müxtəlif dini icmalar arasında hökm sürən dostluq, qardaşlıq əlaqələrini rəğbətlə vurğulayıb.

Açar sözlər:

Oxunub: 690