Velosipedi cərimə meydançasına aparmaq olarmı? - Hüquqi şərh


16:49     18 Dekabr 2017 velosipeciler%20saxlanildi.jpg

“Dövlət Yol Polisinin velosipedi cərimə meydançasına aparması düzgün deyil. Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdəm kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz)”.


Femida.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspert qeyd edib ki, velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texposport kimi) olmur:




“Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar, bizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda da belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.)”.

Ə.Hüseynov əlavə edib ki, aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət qadağan deyil, sadəcə çox təhlükəlidir:

“Velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var: "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsi: I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

Əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşakar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini tələb edə bilər. Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur”.

Xatırladaq ki, mətbuatda velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılmışdı.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1862


Oxşar xəbərlər