"Azərbaycan" jurnalının yubileyidir


01:40     24 Yanvar 2018 2018/01/376474r758678_1516729271.jpg

Yanvar ayının 28-də Azərbaycan ədəbiyyatının 95 illik salnaməsini hər səhifəsində daşıyan "Azərbaycan" jurnalının yubileyidir.


Jurnalın yeni ildə işıq üzü görən ilk sayı da yubiley təntənəsini hiss etdirir. Anar "Ədəbiyyatımızın güzgüsü", İsa Həbibbəyli "Böyük yaradıcılıq məktəbi", Nəriman Həsənzadə "Yazıçılarımızın taleyində "Azərbaycan", Nizami Cəfərov "Milli ədəbi təfəkkürün "Azərbaycan miqyası", Hidayət Orucov "Yüzə nə qaldı ki?", Vilayət Quliyev "Azərbaycan qədər yaşayacaq "Azərbaycan", Paşa Əlioğlu "Azərbaycan" - köhnə dost", Qan Turalı "Nəsillərin jurnalı", İntiqam Qasımzadə "...peşman deyiləm" kimi yazıları ilə jurnalı təbrik edirlər.

"Azərbaycan" jurnalının 2018-ci ildə ilk sayının "Poeziya" rubrikasında Əlizadə Nuri, Gülnarə Cəmaləddin, Narıngül və Xatirə Nurgülün şeirləri yer alıb. Oxucular "Şairin arxivindən" başlığı altında mərhum şair Anar Həbiboğlunun şeirlərini yenidən oxuya bilərlər.

Nəsr bölməsində Məmməd Orucun, Azər Abdullanın, Yaşar Bünyadın hekayələri, Mübariz Cəfərlinin "Səmadakı quyu" povesti təqdim olunur.

Südabə Ağabalayevanın dosta xitabən yazdığı "Yanvar düşüncələri"ndə isə fikir selinə düşməmək əldə deyil.

Müasir Avstriya yazıçısı Radek Knaprın bir qədər mistik və maraqlı "Cənab Trombka və İblis", "Yulius evə gedir" hekayələri Vilayət Hacıyevin təqdimatında oxucuları təəccübləndirəcək. Bu nömrədə Günel Natiqin "Sevgi və xəyanət" essesinin qəhrəmanı A.P.Çexovdur.

"Tənqid və ədəbiyyatşünaslıq" rubrikası isə yazıların səviyyəsi baxımından xüsusi diqqətəlayiqdir: Qorxmaz Quliyev "Kontekst və kod"un şərhini verir, Təyyar Salamoğlu Əbdürrəhim bəy Haqverdiyevi fərqli rakursdan təqdim edir. Jurnalın tədqiqatçısı Aynurə Paşayevanın yazısı "Azərbaycan" ın tarixinə ekskurs kimi maraqlıdır.

Bu sayda "Azərbaycan" jurnalı haqda çox sözlər deyildi. Həmin yazılardan ən təsirlisindən çıxarış edərək əminliklə demək olar ki,"Azərbaycan" jurnalı dünən də, bu gün də özün kimi olmağın çətin şərəfini yaşayır.

Neçə "Azərbaycan"lı illərə, əziz oxucu!

Femida.az

Açar sözlər:

Oxunub: 748


Oxşar xəbərlər