Qurd ilə qiyamətə qalmaq – Niyə belə deyirik?


02:39     27 Yanvar 2018 2018/01/bozqurd_1516986395.jpg

Ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edirik:



Qurd ilə qiyamətə qalmaq (getmək) məcazi mənada: həddən artıq çox yaşamaq, ömrü uzun olmaq, kaftarlaşmaq, ölməmək, həmişə mövcud olmaq deməkdir.
Qiyamətə yaxın yer üzündəki bütün adamların ölüb gedəcəyi, yalnız qarı ilə qurdun qalacağı haqqında mövhumi əqidə vardır ki, bunun mənşəyini müəyyənləşdirmək çox çətindir.

Məlumdur ki, qədim türk xalqlarında qurd müqəddəs (və buna görə də ölməz, qiyamətə qədər yaşayan) heyvan, totem hesab edilib. Qədim türk və monqol xalqları arasında qurdun müqəddəsliyi haqqında çoxlu əfsanə və rəvayətlər yayılıb. "Kitabi-Dədə Qorqud” dastanlarında "qurd üzü mübarək” hesab edilir. Qədimdə qurdun insanı hər cür bəladan, fəlakətdən qoruya bildiyi haqqında inam yayılmışdı. Qədim türk xaqanlarının yanına müxtəlif yerlərdən gələn elçilər üzərində qurd rəsmi olan bayrağa təzim edəndən sonra qəbul edilərdilər. Hətta inqilaba qədər bir sıra türk xalqları (yakut, xakas, altay, qazax, tatar, qaqauz və s.) qurdun tükündən, dərisindən və dişindən müxtəlif məqsədlərlə istifadə edirdilər. Qədim təsəvvürlərə görə, sonsuzluğun qarşısını almaqda, uşaqların vaxtsız ölümdən xilas etməkdə qurdun çox mühüm köməyi vardır. Demək, qurd bir növ dirilik rəmzi, uzunömürlülük əlaməti hesab edilir. Qurd müqəddəs bir varlıq kimi qədim türk xalqlarını səadətə qovuşduran obrazdır.

Dünyanın bir çox xalqları qurdu müqəddəs heyvan hesab edir. Qədim Roma şəhərinin əsasını qoyan Romul və Rem qurd südü ilə bəslənmişlər. Romalılar müharibə allahı Marsı qurd şəklində təsəvvür edirdilər. Qurdun müqəddəsləşdirilməsinə qədim rus, ukrayna, gürcü, abxaz, kürd xalqlarında da təsadüf olunur.

Qurd türk xalqlarının totemi hesab olunur. Totem olduğu üçündür ki, onun adı tabu sayılıb. Odur ki, tabu sözünün əvəzinə türk dillərinin bəzilərində bori/buri//börü sözü işlənir. Azərbaycan dilində bu sözün əvəzinə evfemizdən ("boz bəy”), təsviri-perifrastik üsuldan ("ağzı qara” və ya alınma sözdən ("canavar”) istifadə edilir. Bir çox türk dillərində bu sözlə əlaqədar şəxs adları yaranıb: Buri, Buriboy, ("Dədə Qorqud” dastanlarında Baybura) Burixan, Burigül, Buridaş, Burnisə və s.

Qurd adının şəxsə verilməsi başqa xalqlarda da müşahidə edilir. Serb dilindəki Vuk, Vukas, Vukaslava, rus dilində Volk, alman dilindəki Adolf, Volf və ya Volfhanq adları "qurd” sözü ilə əlaqədardılar.

Bütün bunlardan sonra demək lazımdır ki, ifadənin alliterasiya prinsipi üzrə düzəlməsi ("q” səsi ildə başlanan sözlərin ardıcıl gəlməsi) onun dildaxili qanunlar əsasında yaranması haqqında mühakimə yürütməyə əsas verir.

Bu qurd ilə qiyamətə qalacaq qarı (nənə, ana) əslində torpağı (Yeri) təmsil edir.

"Şamo” romanında Kamran kişi deyir: "Görünür ki, Afət qarı qurdla qiyamətə getmək istəyir”.

N.B.Vəzirovun "Sonrakı peşmançılıq fayda verməz” komediyasında belə bir dialoq var:

"Fatma xanım: Sənin kimi oğulun paltarın töküm, üstə şəxseyin təpim, şamını, şaxını qara boyuyum.

Səlbinaz xanım: Bu ölsün, bu qaldı qurdnan qiyamətə. Sənsiz ölkə dolanmaz. Gör dilinə nə tövr söz gəlir kaftarın”.

İsi Məlikzadənin "Dədə palıd” povestində deyilir: "Bağır qurdnan qiyamətə qalmayacaq ha, vaxt yetişəndə o da öləcək. Bəs onda yurdsuz Bağırın cənazəsini hardan götürəcəklər, camaat hara yığışacaq?”//Artkaspi.az

Femida.az

Açar sözlər: #Qurd   #Qiyamət   #Türklər  

Oxunub: 6298