“Neft-qaz sektoru bizə daha çox vəsait toplamaq imkanı verəcək” - Prezident

“Neft-qaz sektoru bizə daha çox vəsait toplamaq imkanı verəcək” - Prezident

21:11     13 Fevral 2018 18_02_13_1518541666.jpg

Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



Femida.az -ın məlumatına görə, prezident İlham Əliyev qonaqların Azərbaycana səfərinin çox məhsuldar və maraqlı olacağına əminliyini ifadə edib.

“Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik. İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir: “Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabət qabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq”.
Prezident bildirib ki, alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır: “Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq”.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele isə bildirib ki, Azərbaycan Almaniya üçün çox maraqlı ölkədir: “Çünki biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük. Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti sadəcə Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır. Bizim üçün ona görə ki, biz ən azından bu işə töhfəmizi verə biləcəyimizə ümid edirik. Azərbaycan isə uzunmüddətli perspektivdə iqtisadiyyatını daha da tarazlaşdıra bilər”.

Böyük nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini deyən V. Büxele bu tədbirdə ölkəmizlə birbaşa əməkdaşlıq etmək arzusunda olan iri şirkətlərin rəhbərlərinin təmsil olunduğunu deyib.

Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg“ şirkətinin İdarə Heyətinin sədri Günter Parenburq isə təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq şirkət tərəfindən ölkəmizdə ixtisaslı kadrlar üçün təlimlərin keçirildiyini bildirib, ölkəmizlə əməkdaşlığın gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. G. Papenburg rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında müxtəlif layihələrdə, o cümlədən tikinti materialları, tullantıların emalı sahələrində iştirak etməkdə maraqlı olduğunu deyib.

Almaniyanın tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknext” şirkətinin İdarə Heyətinin sədri Martin Herrenknext Azərbaycanda fəaliyyətə başladıqlarını qeyd edərək bu istiqamətdə görülən işlərdən danışıb. O, ölkəmizdə metro tikintisi sektorunda təmsil etdiyi şirkətin iştirak etməkdə maraqlı olduğunu bildirib: “Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik. Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün bir mərkəz ola bilər. Bununla bağlı təbriklərimi çatdırıram. Mən Bakıya kifayət qədər hörmət hissi bəsləyirəm. Bura yaşamaq üçün yaxşı yerdir. Əla mehmanxanalar var”.

V. Büxele Azərbaycanla ticarət imkanlarının daha çox öyrənilməsinin vacibliyini qeyd etib. O, gələcəkdə Azərbaycan vasitəsilə digər ölkələrlə də iqtisadi əlaqələr qurmaq imkanlarının ola biləcəyini vurğulayıb.

Almaniyanın nüfuzlu enerji şirkəti olan “Uniper Global Commodities” şirkətinin qaz təchizatı üzrə vitse-prezidenti Uve FİP təmsil etdiyi şirkətin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakından qürur duyduğunu deyib. O, artıq 10 ildir “Şahdəniz-2” layihəsi ilə bağlı danışıqlarda iştirak etməkdən məmnunluğunu bildirib. SOCAR və digər qurumlarla uğurlu əməkdaşlıq etdiklərini, idarəetmə, menecment, texniki, uşaq proqramları mübadiləsi, “Azərikimya” şirkəti ilə birgə kimya zavodunun, buxar turbinlərinin inşası sahələrində uğurlu layihələr həyata keçirdiklərini deyən Uve Fip 2016-cı ildə ölkəmizdə birgə müəssisənin yaradıldığını vurğuladı, gələcəkdə də bir sıra layihələr, o cümlədən enerji səmərəliliyi layihələri ilə bağlı əməkdaşlıq planlarının olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq.

Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzulayıb.
Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer Forumun gələn həftə Berlində konfransının keçiriləcəyini vurğulayıb. Hanns-Eberhard Şleyer bu qurum çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən siyasi müzakirələrin aparıldığını deyərək hazırda peşə hazırlığı ilə bağlı məsələlərə diqqət yetirdiklərini bildirib. İqtisadiyyatın, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinin ixtisaslı kadrların hazırlanmasını tələb etdiyini deyən qonaq Almaniyada bu sahənin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığa dair konsepsiyasının işlənməsinin vacibliyini qeyd edib.

İlham Əliyev peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm prioritetlərdən birinə çevrildiyini vurğulayıb. Azərbaycanda savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlət başçısı bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb edir: “Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir”.

Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini deyən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini bildirib.

Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olan “AIRBUS Group International” şirkətinin Avropa üzrə vitse-prezidenti Marko Miklis ölkəmizlə aerokosmik sənayenin müxtəlif seqmentləri üzrə əlaqələr üçün yaxşı imanların olduğunu deyib və bu baxımdan “Azərkosmos”la məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. “Azərsky-1” peykinin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini deyən qonaq Azərbaycanda Yer səthini müşahidə edən yüksək həssaslığa malik yeni peykin perspektivlərinin onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi şirkətin bu işə öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Azərbaycanın “AİRBUS” şirkəti ilə uzun illər çox yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlət başçısı İlham Əliyev kosmik sənaye sahəsində də bu şirkətlə səmərəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Azərbaycan peykinin müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatı, meliorasiya və digər sahələrin inkişafına xidmət etdiyini deyən prezident İlham Əliyev mövcud peykin əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödədiyini vurğulayıb.

Almaniyanın kənd təsərrüfatı maşınqayırması sahəsində ixtisaslaşan “CLAAS Global Sales” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan şirkətin regional prezidenti Nils Roits artıq ölkəmizdə texniki xidmət üzrə şəbəkənin yaradılması və ixtisaslı kadrların hazırlanması ilə bağlı səylərin artırıldığını, Azərbaycan fermerlərinin müasir texnikadan rahat istifadəsi üçün təlimlərin keçirildiyini bildirib.

Azərbaycanın xarici ölkələrdən, o cümlədən Almaniyadan kənd təsərrüfatı texnikası aldığını deyən prezident İlham Əliyev bildirib ki, ölkəmiz bu texnikanın Azərbaycanda yığılmasında da maraqlıdır: “Lakin bütün bunlar bazar tələbinin parametrləri nəzərə alınmaqla həyata keçirilməlidir”. Ölkəmizin böyük həcmdə kənd təsərrüfatı texnikası ilə təmin edilməsinin son illərdə aqrar sahədə nailiyyətlərin qazanılmasına imkan verdiyini deyən dövlət başçısı kənd təsərrüfatı istehsalının ötən il 4 faiz artdığını, bu il də bu sahənin yeni texnika ilə təmin ediləcəyinin planlaşdırıldığını bildirib. Qeyd edib ki, bu baxımdan texniki xidmət və peşə hazırlığı mühüm rol oynayır və texniki xidmət sahəsində Almaniya ilə əməkdaşlıq bu işlərə öz köməyini göstərə bilər.

Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində artıq uğurlu nəticəsini verib. Bu, özünü qanunvericilik, gömrük, inzibati və digər sahələrdə göstərib. O, Almaniya-Azərbaycan Ticarət Palatasının bu ilin iyununda keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes-forumuna təqdim etmək üçün biznes mühiti ilə bağlı tədqiqat üzərində fəal iş apardığını bildirib. T. Baumann həmkarları ilə birlikdə peşə hazırlığı sahəsində əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlərdən danışdı və sonda Ticarət Palatasının üzvlərinin sayının artdığını məmnunluq hissi ilə diqqətə çatdırıb.

İslahatlarla bağlı xoş sözlərə görə minnətdarlıq edən prezident İlham Əliyev ölkəmizin bu islahatları bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə edib. Bildirib ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən prezident İlham Əliyev bildirib ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir: “Biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk”. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlət başçısı qeyd edib ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.

Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlət başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirib. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirib: “Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır”.

İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlət başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirib. Prezident İlham Əliyev deyib ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.

Açar sözlər:

Oxunub: 260