Argentinada Xocalı soyqırımı anılıb
16:33 24 Fevral 2018
Azərbaycanın Argentinadakı Səfirliyində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Səfirlikdən Femida.az-a verilən xəbərə görə, tədbirdə Argentina ictimai-siyasi dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin, müxtəlif gənclər və qeyri-hökumət təşkilatlarının, elmi-akademik çevrələrin və yerli KİV-lərin nümayəndələri iştirak edib. Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən səfir Rəşad Aslanov Xocalıda mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə törədilmiş soyqırım barədə məlumat verib və bu hadisənin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə danışan səfir, azərbaycanlı dinc əhalinin məhz milli mənsubiyyətinə görə məruz qaldığı bu amansız qətliamın beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini tapmasının vacibliyini vurğulayıb. O, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası , ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr barədə iştirakçılara məlumat verib.
Ardınca Xocalı soyqırımının dəhşətləri haqda çəkilmiş “Qaranlıqdan qaçarkən” adlı sənədli filim iştirakçılara təqdim olunub.
Filmin nümayişdən sonra Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə danışıb, bu faciə və ümumilikdə münaqişə haqda Argentina ictimaiyyətində məlumatlılığın ildən-ilə daha da artdığını bildirib.
Tədbirdə həmçinin, La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutun elmi işçisi və Argentina Katolik Universitetinin dosenti Ariel Levaggi də çıxış edərək Xocalı soyqırımı kimi faciələrin yalnız bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı törədildiyini və bu kimi hadisələrin qarşısının alınması üçün dünya ictimaiyyətinin daim ayıq-sayıq davranmalı olduğunu bildirib.
Tədbirin sonunda qonaqlara Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində materiallar paylanıb.
Femida.az
Oxunub: 846
Oxşar xəbərlər
- Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib - AÇIQLAMA
- Xocalı soyqırımından 30 il ötür
- Xocalının Sığnaq kəndindəki avtobus qəzasında yaralananların son vəziyyəti açıqlanıb
- Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı sərəncam imzalayıb
- Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
- Spiker Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub
- Xocalıda yeni hərbi hissənin açılışı olub
- Xocalıda silah-sursat aşkarlanıb
- Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb