Elmar Məmmədyarov Filippo Qrandi ilə görüşüb


14:37     28 Fevral 2018 2018/02/elmar20183_1519800003.jpg

BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.


XİN-in mətbuat xidmətindən Femida.az-a bildirilib ki, nazir Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcə də təşkilatla ölkəmizin əməkdaşlığının hazırkı durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Ermənistanın işğalından azad edilmiş və 2016-cı ilin aprelin etibarən təhlükəsizliyi təmin edilmiş Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri və məcburi köçkünlərin ora geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial təyinatlı işlərin bundan sonra da davam etdiriləcəyini xüsusilə qeyd edib.

Nazir həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə ətraflı məlumat verib. O əlavə edib ki, hər iki ölkədə seçkilərdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli üzrə substantiv və nəticə yönümlü danışıqlar davam etdiriləcək. Nazir işğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi faktına toxunaraq, bu məsələyə beynəlxalq qurumların və dünya ictimaiyyətinin ciddi diqqət yetirməsinin vacibliyini diqqətə çatdırıb.

F.Qrandi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib və ölkəmizin sözügedən təşkilata könüllü ianələrini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #ElmarMəmmədyarov   #FilippoQrandi   #BMT  

Oxunub: 647