İstismara qəbul aktı: Rüşvət, yoxsa dövlət rüsumu?


19:17     17 Sentyabr 2015 evler.jpg

Femida.az vətəndaşlara hüququ yardım layihəsini davam etdirir.


Bugünkü araşdırmamız tikilinin istismara qəbulu zamanı aktın tərtib olunması ilə bağlıdır. Bəzi vətəndaşlar tikilinin istismara verilməsi üçün müəyyən ödəniş etməli olduqlarını düşünürlər.

Bəs görəsən, tikilinin istismara qəbulu ilə bağlı aktın tərtib olunması üçün ödəniş etməliyikmi? Qanunvericilik bununla bağlı nə deyir? Əgər qanuni dövlət rüsumu ödənilməlidirsə, onun məbləği nə qədərdir?

Femida.az sualları cavablandırmaq üçün hüquqşünaslarla əlaqə saxlayıb. Hüquqşünas Loğman Abdullayevin fikrincə, istismara qəbul aktına görə vətəndaş heç bir halda ödəniş etməməlidir:

"Hər bir bina, ev, hündürmərtəbəli yaşayış binası tikilib hazır olandan sonra çoxtərkibli komissiya tərəfindən istismara qəbul edilir. Komissiyaya daxil olan hər bir qurum evin təhlükəsiz olduğu və istismara hazır olması haqda rəy verirlər. Bununla bağlı əvvəlcə akt hazırlanır. Sonra isə komissiyanın rəyi tərtib olunur. Bu, binanı tikənlə komissiya arasında olan bir məsələdi. Yəni biri binanı təhvil verir, o birisi qəbul edir. Bu zaman vətəndaş niyə və kimə pul verməlidi ki?"

Hüquqşünas Mehman Muradlı da İstismara qәbul aktına görə dövlət rüsumunun nəzərdə tutulmadığını bildirdi:

"İstismar aktı əmlakın müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn әvvәlcәdәn tәsdiq olunmuş plandan kәnara çıxmamasını göstərən sənəddir və bu sənədə görə heç bir halda ödəniş edilmir.”

Femida.az sualla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladı. Komitədən aldığımız cavabı oxucularımıza təqdim edirik:

"Bildiririk ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununda fərdi yaşayış evinin istismara qəbul edilməsi üçün rüsum nəzərdə tutulmayıb".

Göründüyü kimi əmlakın istismara qəbulu üçün heç bir dövlət rüsumu müəyyənləşdirilməyib. Buna görə də, vətəndaşları ayıq olmağa çağırırıq. İstismar aktı ilə bağlı heç bir halda ödəniş etməyin. Çünki, qanunvericilikdə istismar aktı ilə bağlı dövlət rüsumu nəzərdə tutulmayıb. Əgər sizdən belə ödəniş tələb olunsa, dərhal müvafiq qurumlara müraciət edin.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5916


Oxşar xəbərlər