Banka borcu olan şəxs ölkədən gedə bilərmi? - Hüquqi yardım

Banka borcu olan şəxs ölkədən gedə bilərmi? - Hüquqi yardım

15:43     15 Mart 2018 18_03_15_1521099876.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə mövzumuz bank məsələləri zamanı yaranan mübahisəli durumdur. Banka borcu olan şəxsin işi məhkəməyə göndərilibsə, həmin şəxs ölkəni tərk edə bilərmi? Bu suala aydınlıq gətirəcəyik.

İcra haqqında Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından bəhs olunur:

Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Yeri gəlmişkən, ölkədən getmək hüququ bir sıra digər hallarda da məhdudlaşdırılır. Həmin hallar və onların hansı hallarda ləğv olunacağını diqqətə çatdırırıq:

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

- Üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

- Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

- Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

- Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

- Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqşünas   #vəkil   #femida   #hüquqi_yardım   #bank   #kredit   #borc   #məhkəmə   #qanun   #məcəllə  

Oxunub: 4160