“Elə etməliyik ki, bir dənə də problem olmasın” - İlham Əliyev


21:34     26 Mart 2018 2018/03/1522040845231531932_1000x669-4566125607_1522071440.jpg

"Büdcə gəlirlərimizi sabit vəziyyətdə saxlamaq üçün hər bir xərcə xüsusi diqqətlə baxırıq".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
"Bəzi çıxışlarda texnika ilə bağlı fikirlər səsləndi. Əlbəttə ki, biz özümüzü texnika ilə tam təmin edə bilməmişik. Bunun da təbii səbəbləri var. Biz cəmi iki ildir ki, texnika alırıq. Özü də hamımız yaxşı bilirik ki, son iki il ərzində dövlət büdcəmizin xərcləri ilə bağlı çox ciddi işlər aparılır. Yəni, biz lazım olmayan xərcləri ixtisar etmişik. Büdcə gəlirlərimizi sabit vəziyyətdə saxlamaq üçün əlbəttə ki, biz hər bir xərcə xüsusi diqqətlə baxırıq. Baxmayaraq ki, neftin qiyməti son iki il ərzində çox aşağı səviyyədə idi, bu il də hələ tam bərpa olunmayıb, kənd təsərrüfatı texnikasına çox böyük vəsait ayrılıbdır. Əgər büdcə xərclərinə nəzər salsaq görərik ki, bu texnikanın alınması üçün doğrudan da böyük vəsait ayrılmışdır".

Prezident bildirib ki, son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılıb: "Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək. Yəni, bu rəqəmlər özlüyündə göstərir ki, biz pambıqçılığa nə qədər böyük diqqət göstəririk. Digər kənd təsərrüfatı sahələrinə də diqqət göstərilir, o sahələrin səmərəliliyini artırmaq üçün texnika alınır və alınacaq. Ona görə biz, necə deyərlər, hələ təzə başlamışıq və elə etməliyik ki, texnika ilə bağlı növbəti illərdə bir dənə də problem olmasın".

Femida.az

Açar sözlər:

Oxunub: 700