Əbülfəs Qarayev Argentinalı diplomatla görüşüb


22:00     22 Sentyabr 2015 ebulfez%20q.JPG

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain ilə görüşüb.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Argentina arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı mədəni əlaqələrin inkişafından söhbət açılıb.

E. Zuain mədəniyyət sahəsində Bakıda və Buenos-Ayresdə təqdimatların keçirilməsini təklif edib.

Ə.Qarayev təklifi yüksək qiymətləndirib, Argentina turoperatorları üçün tanışlıq turunun təşkil olunmasını da qeyd edib.

Nazir iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini də irəli sürüb.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Nazirlikdən bildiriblər ki, Saziş ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, musiqi, incəsənət, muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Görüşdə iki ölkə arasında əlaqələrin daimi inkişaf etdirilməsi üçün fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

Ə. Qarayev görüş zamanı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə birlikdə Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumun əhəmiyyətindən bəhs edib.

Nazir 2016-cı ilin aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verib və nümayəndə heyətini foruma dəvət edib.

Açar sözlər:

Oxunub: 736