SOCAR-da növbəti təqaüd imtahanları keçirilir


21:44     28 Aprel 2018 imtahan_zali_0014.jpg


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) elan etdiyi sonuncu Daxili Təqaüd Proqramı üzrə bu gün növbəti test imtahanları keçirilir.


Femida.az Report-a istinadən xəbər verir ki, səhər saatlarında başlayan test imtahanları növbə ilə axşamadək davam edəcək və bu gün imtahanlarda ümumilikdə 400 nəfərdən çox namizədin iştirak etməsi gözlənilir.

Qeyd edək ki, Daxili Təqaüd Proqramı üzrə sonuncu müsabiqəyə sənəd qəbulu fevralın 20-si martın 19-u tarixlərində aparılıb. Qeyd olunan müddətdə proqrama 27 ali təhsil müəssisəsindən 1 894 tələbə (1 322 bakalavr və 572 magistr) müraciət edib.

SOCAR-ın İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsinin rəisi Ruslan Əliyev bildirib ki, müraciət edən şəxslərdən 1 587 nəfər ilkin seçim mərhələsinin şərtlərinə cavab verdikləri üçün məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanında iştirak etmək hüququ qazanıblar.

Onun sözlərinə görə, ötən həftə sonundan başlayaraq bu hüququ qazanan şəxslər test imtahanlarında iştirak edirlər. R. Əliyev qeyd edib ki, sabah test imtahanları yekunlaşacaq və təxminən bir həftə sonra növbəti-müsahibə mərhələsinə keçiləcək. “Hər bir namizədə məntiqi təfəkkür üzrə 40 sual verilir. Bu testlərdən müvafiq ixtisas qrupları üzrə təyin olunacaq keçid balını toplayan namizədlər SOCAR-ın mütəxəssislərindən ibarət Komissiya tərəfindən müsahibə ediləcək və müsahibələri uğurla keçən namizədlər SOCAR təqaüdçüsü adına layiq görüləcəklər. SOCAR Daxili Təqaüd Proqramı çərçivəsində tələbələrə təqaüd verməklə kifayətlənmir, həmçinin onlara SOCAR-da müsabiqədənkənar işlə təmin olunma imkanı yaradır. Belə ki, ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura pilləsinin son 2 (iki) tədris ilində SOCAR Təqaüdçüsü statusu ilə bitirmiş və SOCAR-ın həyata keçirdiyi Ödənişli Təcrübə Proqramında təhsil aldığı pillə üzrə ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış məzunlar SOCAR-da ixtisasları üzrə işlə təmin olunurlar”,- o əlavə edib.

İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsinin kadrlar üzrə aparıcı mütəxəssisi Nicat Əliyev bildirib ki, Daxili Təqaüd Proqramı üzrə test imtahanları ilk dəfə olaraq Departament tərəfindən keçirilir: “İmtahanlar tam elektronlaşdırılıb və nəticələr dərhal qeyd olunur”.

Qeyd edək ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis edib. Təqaüd proqramı ilk illərdə yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkə ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə də şamil edilir.

2004-cü ildən 2018-ci ilə qədər Daxili Təqaüd Proqramı üzrə ildə iki dəfə olmaqla (2012-ci ildən etibarən isə ildə bir dəfə) 19 seçim müsabiqəsi keçirilib. İndiyə qədər proqrama 24 000-ə yaxın tələbə müraciət edib və onlardan 1 988 nəfər təqaüdçü seçilib.

SOCAR-ın Daxili Təqaüd Proqramı çərçivəsində işə qəbul edilmiş təqaüdçülərdən bu günədək 93 nəfəri növbədənkənar mənzillə təmin olunub.

Femida.az

Açar sözlər: #socar   #iqtisadiyyat   #imtahan   #təqaüd  

Oxunub: 1639