Bu çimərliklərə getməyin - Nazirlikdən XƏBƏRDARLIQ


00:13     03 İyun 2018 cimerlik.jpg

Bəzi çimərliklərdə zərərli maddələr normadan artıqdır və bağırsaq çöpləri var.

Femida.az ARB TV-yə istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət edə biləcəyiniz və təhlükəli olan çimərliklərin adlarını açıqlayıb.

Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağı, Novxanı və Corat bağlarının sahil boyu ərazilərindəki çimərliklərin hazırkı dövrdə istifadəyə yararlı olduğu bildirilir. Lakin Sumqayıtda, Qaradağ rayonundakı Sahil və Şıx çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olduğu, bağırsaq çöplərinin mövcudluğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun hesab edilmir.

Mirsalam Qəmbərov - ETSN-in mütəxəssisi: "Çirklənmənin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənən axarların gətirdiyi tullantılar, ikincisi isə insanların burada istirahət etdiyi və fəaliyyəti nəticəsində yaranan yük".

Nazirlik eyni zamanda bu yay müşahidə ediləcək hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, iyul-avqust ərzində havanın temperaturu bəzi günlərdə iqlim normasından 5-6 dərəcə yüksək olacaq. Nazirliyin apardığı müqayisədə qeyd edilir ki, anomal istilərin müşahidə edildiyi 2006-cı ilin yayında digər illərə nisbətən insanların sağlamlığında neqativ hallar daha çox yaşanıb. Həmin il təcili tibbi yardım çağırışları 24% artıq olub. Qan-damar xəstəlikləri 35% artıb. Bu baxımdan Ekologiya və Təbii sərvətlər Nazirliyi əhaliyə müraciət edərək isti aylarda günəş şüaları altında uzun müddət qalmamağı məsləhət görür.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən il ərzində çimərliklərdə qeydə alınan inzibati xətalara görə 200 akt tərtib edilib.

Femida.az

Açar sözlər: #çimərlik   #Bakı   #ekologiya  

Oxunub: 2575