Milli Qəhrəmanlarımızın doğum günüdür


14:19     02 İyul 2018 18_07_02_1530512572.jpg



Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü Ramiz Qəmbərovun anadan olduğu gündür.

Qəmbərov Ramiz Bulud oğlu 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirib. 1980-ci ildə hərbi xidmətə çağırılıb, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıdıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Amma təhsilini başa çatdıra bilməyib. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur edib. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulub.
O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişib və Şuşa şəhərində dəfn edilib.




Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Bu gün eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Kərim Kərimovun da doğum günüdür. Kərim Məhəmməd oğlu Kərimov 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tümenə gedib, Komandir məktəbinə daxil olub. Azərbaycan ağır günlərini yaşamağa başladığı vaxt Kərim azərbaycanlı gəncləri toplayaraq vətənə qayıtmağı, Qarabağa getməyi təklif edir, beləliklə 15 nəfər kursantla birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanıblar. İlk gündən cəbhədə "Tümendən gələn zabit" kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirə bilirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni qulduru məhv edilir. 1992-ci il 6 may tarixində düşmən güclü əks hücuma keçir onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır.



Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar. 12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır, Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır. 5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuş Kərim 17 iyun 1992-ci il tarixində doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.

Azərbaycan Respublikası prezidentinin 11 sentyabr 1992-ci il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Qarahəsənli kəndində qəhrəmanın büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb var.

Açar sözlər:

Oxunub: 868