Dövlət Reklam Agentliyi yarandığı 1 il müddətində nə iş görüb? - HESABAT

Dövlət Reklam Agentliyi yarandığı 1 il müddətində nə iş görüb? - HESABAT

17:42     18 İyul 2018 18_07_18_1531920263.jpg


Bu gün Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 1 illiyi münasibətilə qurumda mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib.

Layihəni həyata keçirməkdə məqsəd ictimaiyyəti açıq məkanda reklam yerləşdirilən zaman mövcud prosedurların sadələşdirilməsi yönündə yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, sahibkarların inzibati yükünün azaldılması istiqamətində görülən işlər və yaradılan şəffaf şəraitlə tanış etmək olub.

Qeyd edək ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

Ölkə üzrə 11 regional idarədən ibarət Agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, eyni zamanda texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edir.

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək.

Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da artıq istifadəyə verilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılıb./trend

Açar sözlər:

Oxunub: 165