Abituriyentlərin intihar sindromu - Valideynlər həbs oluna bilər


15:24     24 İyul 2018 18_07_24_1532416722.jpg


Ötən gün qəbul imtahanında istədiyi nəticəni toplaya bilməyən 17 yaşlı abituriyent intihar etdi. Bu artıq hər imtahan ərəfəsində öyrəşdiyimiz bir situasiyaya çevrilib. Gərgin hazırlıq, uzunmüddətli əziyyət, bir anlıq stress, zəif nəticə və abituriyent üçün dünyanın sonu… İmtahandan az bal toplamış gənc artıq onun üçün hər şeyin bitdiyini düşünərək özünü öldürür. Kimdir günahkar? Valideyn, abituriyent özü, ətraf mühit, yoxsa psixoloji durum?

Psixoloq Səbinə Bayramovanın sözlərinə görə, qəbul imtahanları gənclərin psixoloji baxımdan ən enişli-çıxışlı olan həssas yaş dövrüylə üst-üstə düşür:

“Məhz belə bir dövr keçirən abituriyentlərdə stresi çox zaman valideynlər özü yaradır, onlara dəstək olmaq əvəzinə imtahandan keçməzsə və ya düşündükləri balı toplamazsa müxtəlif cəzalar tətbiq edəcəkləri ilə bağlı hədə-qorxu gəlirlər. Bu isə onsuz da stressli olan abituriyenti daha da stressə salır və imtahan nəticəsi uğursuz olduqda ailədən soyuma, özünüqiymətləndirmənin və özgüvənin aşağı düşməsi, özünə qapanma, ən pis halda isə intihar etmə və s. ilə nəticələnə bilir. Bu səbəblərdən dolayı qəbul imtahanına hazırlaşan abituriyentlərin mütəmadi olaraq psixoloq dəstəyi alması valideyn üçün də, abituriyent üçün də müsbət nəticə verəcək. Bu dövrün balanslı və sağlam şəkildə aşılması üçün ana-atalara bəzi vəzifələr düşür”.



Psixoloq bu dövrün daha mülayim və sakit keçməsi üçün 10 maddə tövsiyə edir. Femida.az həmin maddələri diqqətinizə çatdırır:

Uşağınızın yeniyetməlik dövründə olduğunu unutmayın: Bu dövr uşağınızın böhran yaşadığı dövrdür. Onun yerinə problem həll etmək istədiyiniz zaman onun sizinlə eyni şeyləri görə bilməyəcəyini bilin.

Sorğulamayın, maraqlanın: "Neçə düzün var? Neçə səhvin var? Sinif yoldaşın neçə bal yığdı? Neçə nəfər səndən çox bal yığdı?" demək yerinə "İmtahanın necə keçdi? Günün necə keçdi?" deyin.


Başqasıyla yox, özüylə müqayisə edin: Ana-atalarda çox sıx gördüyümüz bir davranış növü də bəlkə ona motivasiya vermək məqsədilə edilən, amma əsla motivasiya yaratmayan, uşağının uğurunu çevrəsindəki digər uşaqların uğuruyla müqayisə etməkdir. Uşağınızla belə müqayisə ilə qurduğunuz hər dialoq mübahisəylə bitəcəkdir. Uşağınızın öncəki uğuru yada uğursuzluğu ilə indiki vəziyyətini müqayisə etmək daha çox müsbət nəticə verəcəkdir.

Evdə fövqəladə hal elan etməyin: İmtahana hazırlıq müddətində və ya imtahana qısa bir vaxt qaldığında evdəki nizam və ümumi atmosfer "hər zamanki kimi" olmalıdır. Fövqəladə davranışlar, az qala 1 il boyunca evə qonaq qəbul etməmək, səyahət proqramı qurmamaq, salonda dərs etməsinə icazə verib 1 il boyunca televizor izləməmək və s. düşünülə bilər. "Bu etdiyinə səsimi çıxarmıram, bu imtahan keçsin, sən ondan sonra görərsən" tərzində hədələyici ifadələr qətiyyən işlədilməməlidir.



Sahib olduğu imkanların fərqinə varmasını təmin edin, amma borclu hiss etməsinə səbəb olmayın: "Bütün həyatımızı sənə həsr etdik", "Hər istədiyini etdik", "Səni oxutmaq üçün bunları edə bilmədik" kimi sözlər abituriyentin özünü ailəsinə qarşı borclu hiss etməsi xaricində heç bir şeyi dəyişdirməz. Sahib olduğu imkanların maksimum fərqində olması və bunları məhsuldar şəkildə istifadə etməsini təmin edəcək xatırlatmalar etmək hər zaman ən yaxşısıdır.

Qadağan etməyin, məhdudlaşdırın: Uşağınızın bütün həyatını sadəcə dərs edərək keçirməsini, davamlı ev-məktəb-hazırlıq üçbucağı içində gedib-gəlməsini gözləməyin. Dərsdən başqa hər şeyi qadağan etmək uğur yox, bezginlik gətirəcəkdir.

Güvənmək ilə gözlənti içinə girməyi bir-birindən ayırın: Ana-ataların uşaqlarını ürəkləndirmək adına işlətdikləri "sənə güvənirəm" ifadəsini abituriyentlər çox zaman "səndən bunu gözləyirəm" şəklində qavradıqlarına görə bu ifadəni tez-tez işlətmək müsbət nəticə verməz və təşvişi artırar. Bunun yerinə "Bu imtahana hazırlanarkən nə qədər əmək qoyduğunu, necə səylər göstərdiyini görürəm. Heç bir əmək qarşılıqsız qalmaz" demək daha təsirlidir.



Tənqid edin, günahlandırmayın: Tənqid olunması lazım olan vəziyyətlərdə tənqid edin, ancaq günahlandırıcı olmayın.

Alternativli olun: "İmtahanda uğursuz olarsa, nə olacaq?" sualını birlikdə cavablandırın. Hansı alternativ variantlarının gündəmə gələcəyi mütləq öncədən müəyyənləşdirin. Hər nə qədər bir çox valideyn bunun abituriyenti arxayın saldığını desə də, bilməlidir ki, alternativsizlik, var olan stress və təşvişin aşılmasını daha da çətin vəziyyətə gətirir. İmtahanı həyatın tək və ən önəmli dönüş nöqtəsi kimi ifadə etmək, abituriyentin onsuz da olan narahatlığını, stressini daha artırır.

Psixoloqdan dəstək alın: Abituriyentin imtahana psixoloji hazırlığının yaxşılaşdırılması, stressinin qarşısının alınması, imtahanda vaxtını daha düzgün bölüşdürə bilməsi və daha uğurlu bir nəticə əldə edə bilməsi üçün imtahana ən azı 2-3 ay qalmış psixoloq dəstəyi almağa başlaması vacibdir.

Bu vəzifələrə əməl olunmazsa, bununla yanaşı müəllimlər də sınaqlarda, qəbul imtahanında aşağı bal yığan abituriyentlərə günahlandırıcı, soyuq davranarsa, bu zaman abituriyentdə böyük bir əksiklik hissi yaradar. Müəllimləri və valideynləri tərəfindən sevilmədiyini zənn edər. Çıxış yolu seçimlərinə təəssüf ki, intiharı da əlavə edər, ya da keçirdiyi psixoloji vəziyyətdən dolayı əsas çıxış yollarını görə bilməz və intihara meyllənər.



Təbii ki, bu məsləhətlərə əməl olunmazsa və sonda intihar halı yaşanarsa, istintaq başlayır. Bu zaman övladına təzyiq göstərən valideynlər özünü çətin vəziyyətə salmış olur.

Vəkil Ziya Bağırovun Femida.az-a açıqlamasına görə, burada sırf psixoloji səbəbdən söhbət gedir:

“Hər intiharda günahı valideynin üzərinə də atmaq olmaz. Bəzi uşaqlar psixoloji cəhətdən zəif olurlar. Özlərini daha yüksək bal toplamış digər abituriyentlərlə müqayisə edirlər. Lakin intihar zamanı istintaq başlayır və istintaqda valideynlərin övladlarına təyziqi sübut olunarsa, Cinayət məcəlləsinin 125-ci maddəsi - Özünü öldürmə həddinə çatdırma ilə cinayət məsuliyyətinə cəlb olunurlar. Bu zaman onlar 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #abituriyent   #imtahan   #valideyn   #qanun   #psixoloq   #vəkil   #cəza   #cinayət   #stress   #tələbə   #təhsil   #intihar  

Oxunub: 3361