Dərbənd zibilxanaya çevrilib


22:14     27 İyul 2018 18_07_27_1532701300.jpg


Rusiyanın ən qədim şəhəri Dərbənddir. Məhz bu səbəbdən hər il minlərlə turist istirahət etmək üçün Dərbəndi seçir. Ancaq, təəssüf olsun ki, şəhərin küçələri zibilxanaya çevrilib. Təbiətin gözəlliyinin insan əli ilə çirkləndirilməsi antisanitar vəziyyət yaradır, həmçinin bura təşrif buyuran qonağın bir də gəlməməsinə səbəb olur.

Dərbənddə təmizliyin keşiyində duran insanların da əməyinə hörmət edilmir, kim hara istəyirsə, ora da zibil atır. Üstəlik şəhərin kommunal idarəsinin rəhbərliyi də bu vəziyyətə biganə yanaşır. İndi şəhərin küçələri zibil poliqonuna çevrilib, ətrafdan üfunət qoxusu gəlir.

Şəhər sakinləri Hacıyev Murad və Paşayev Əsadulla açıqlamasında məsul təşkilatın biganəliyindən bezdiklərini deyiblər. Bildiriblər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, tədbir görən yoxdur, yayda qoxudan, soyuqda isə gəmiricilərin əlindən cana gəliblər. Köhnə zibil qutularının qapağı yoxdur, atılan tullantıları inəklər küçə boyunca səpir.

Mərkəzi küçənin Dərbənd administrasiyası olduğu ərazisi bir qədər təmiz vəziyyətdədir. Məsələ ilə bağlı Dərbənd Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, insanlar gecə vaxtlarında küçələri zibilləyirlər və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu məsələ hələ də həllini tapmayıb. Bir neçə yerdə zibil qutusu qoyulub, amma qutular tələbatı ödəmir. Sakinlərin əksəriyyəti uzaq məsafəni qət edib zibili qutuya atmaq istəmir və çox zaman tullantılar boş sahəyə atılır. Nəticədə də üfunət iyindən evlərdə oturmaq mümkün olmur.

Lakin sakinlər bildiriblər ki, küçələrin zibil poliqonuna çevrilməsinin əsas səbəbi zibil qutularının az olması, qalaqlanmış zibilin vaxtında daşınmaması, zibil qutularının dərmanlanmamasıdır. Qalaqlanmış tullantılar da xəstəlik mənbəyi olmaqla yanaşı, sahibsiz heyvanların məskəninə çevrilir. Tullantıların daşınmasına məsuliyyətli olan mənzil kommunal istehsalat birlikləri isə tənqidlərdən nəticə çıxarmır. Hətta zibil daşınsa belə, ancaq qutulardakı tullantılar aparılır. Yerə tökülən zibildən isə artıq təpəcik yaranıb. Məhz bu səbəb də problemin daha dərinləşməsinə gətirib çıxarıb.

Xatırladaq ki, Dərbənd şəhəri qədim turizm məskənidir. Şəhərdə hər il minlərlə turist qonaq olur. Turistlərin daha çox yolunun düşdüyü Narınqalaya qalxan ərazilərdə bu cür xoşagəlməz görüntünün olması şəhərin imicinə də zərbə vurur. "Təmizlik imandandır" deyiblər. Yaşadığımız evi və şəhərimizi təmiz saxlamaq isə bizim borcumuzdur. Odur ki, təmizlik məsələsinə bacardığımız qədər məsuliyyətlə yanaşmalı, lazım gəldikdə əlaqədar qurumlarla birləşib problemi həll etməliyik.

Ümid edirik ki, bu yazımızdan sonra Dərbənd aidiyyatı qurumları, məsuliyyət daşıyan şəxslər şəhər ərazisində yaranmış anti-sanitar vəziyyətlə bağlı lazımi tədbirləri həyata keçirəcəklər. Həmçinin dərbəndlilər da bu işdə onlara yaxından yardımçı olacaqlar. derbend.ru

Femida.az

Açar sözlər: Derbend  

Oxunub: 1016


Oxşar xəbərlər